BDU Qazax filialının aktiv pedaqoji təcrübə keçən V kurs tələbələrinin nəticələri müzakirə olunub
Son 3 ildir ki, bütün sahələrdə ilklərə imza atan Qazaxda daha bir ənənənin əsasının qoyulması barədə ötən yazımızda məlumat vermşdik. Belə ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yuxarı kurslarda təhsil alan və orta məktəblərdə aktiv pedaqoji təcrübə keçən tələbələrin açıq dərslərində rayonun peşəkar ixtisas müəllimlərinin iştirak etmələri qərara alınmışdı. Bu cür addımın atılmasında isə əsas məqsəd gələcəkdə müəllim adını alacaq gənclərimizə ixtisasları üzrə peşəkar müəllimlərin təcrübələrindən yararlanmalarında dəstək olmaq idi. Həmçinin gənclərin müəllimlik peşəsi ilə bağlı məsuliyyətlərini artırmaqla yanaşı, həm də özlərinə olan inam hissini artırmaqdan ibarət idi.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində BDU Qazax filialının riyaziyyat və informatika, tarix və coğrafiya müəllimliyi ixtisasları üzrə təhsil alan V kurs tələbələrinin M.Hüseyn adına humanitar və təbiət fənlər üzrə məktəb-liseydə keçirilən aktiv pedaqoji təcrübə zamanı göstərdikləri nəticələr müzakirə olunub. Bununla bağlı növbəti iclas keçirilib.
İclasda icra aparatının, Təhsil şöbəsinin, BDU Qazax filialının əməkdaşları, rayonda fəaliyyət göstərən işçi qrupunun üzvləri, şəhər məktəblərinin direktorları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iclas iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədəki təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Heç kəsə sirr deyil ki, Azərbaycan da təhsillə bağlı siyasəti uğurla həyata keçirən ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Ən əsası da Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.
Son 3 ildə Qazaxda təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bunun kökündə dövlətin və dövlət başçısının bölgələrdə təhsil sahəsinə olan diqqət və qayğısının dayandığını qeyd edib. Təhsilə olan qayğının ilbəil artdığını diqqətə çatdırıb. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib. Bildirib ki, bu ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra açılışı olan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb bu dediklərimizin əyani sübutudur. Məhz təhsilə ayrılan diqqətin, göstərilən qayğının nəticəsidir ki, rayon məktəbliləri bu sahədə uğurlu nəticələrə imza atırlar. Ötən il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü sırada dayanması təhsilə olan yüksək qayğının göstəricisidir.
İcra başçısı Qazaxda gənclərə yüksək keyfiyyətli elm, bilik vermək üçün hər bir sahə üzrə uğurlu addımlar atıldığını qeyd edərək 2018-ci ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılan işçi qrupunun fəaliyyətindən də söz açıb. İşçi qrupunun yaradılmasında isə əsas məqsədin təhsil sahəsini inkişaf etdirmək, şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirmək olduğunu diqqətə çatdırıb. Eyni zamanda məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq məqsədilə yaradılan həmin işçi qrupunun bu gün rayonun təhsil sahəsində qazanılan uğurlarında böyük payı olduğunu bildirib. Rayon rəhbəri gənc müəllimlərlə bağlı atılan bu addımın da öz müsbət nəticələrini verdiyini qeyd edib.
Sonra aktiv pedaqoji təcrübələrdə tələbələrin “Açıq dərs”lərini dinləyən işçi qrupunun üzvlərindən F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin riyaziyyat müəllimi Amalya Cəfərova, S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyev, Əməkdar coğrafiya müəllimi Şadət Carçıyev çıxış edərək “Açıq dərs”lərində iştirak etdikləri tələbələr haqqında fikirlərini bölüşüblər. Tələbələrin pedaqoji təcrübədə aktiv iştirak etdiklərini və yaxşı nəticə göstərdiklərini bildiriblər. Gələcəkdə müəllim adını qazanan gənclərin dərs demək bacarığını yüksək qiymətləndiriblər.
M.Hüseyn adına humanitar və təbiət fənlər üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Pedaqoji təcrübənin məktəb-liseydə keçirilməsinə görə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Qeyd edib ki, bu pedaqoji təcrübə tələbələrlə yanaşı məktəbin müəllim-şagird kollektivi üçün də böyük məsuliyyət idi. Məktəbin kollektivi olaraq bizim də əsas məqsədimiz gənc müəllimlərə dəstək olmaq, onlara müəllimlik peşəsinin dərindən öyrənilməsində yardımçı olmaq idi. Çalışdıq ki, bu işdə gənclərə kömək olaq.
BDU Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək bildirib ki, rayon rəhbəri olaraq fəaliyyətə başladığınız ilk gündən hər zaman Qazaxda yeniliklərə, ilklərə imza atmısınız. Gənclərlə bağlı atılan bu addım da ilk dəfə olaraq həyata keçirildi və öz müsbət nəticəsini də verdi. Direktor müavini pedaqoji təcrübə barədə ətraflı məlumat verərək bütün tələbələrin nizam-intizamlı şəkildə, ən əsası da öz peşəsinə hörmət hissi ilə yanaşaraq pedaqoji təcrübələrdə aktiv iştirak etdiklərini bildirib. Qeyd edib ki, bu təcrübənin üstünlüyü onda oldu ki, ali və orta təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyü bir daha nümayiş olundu.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək respublikamızda, eləcə də Qazaxda təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə başda ölkə başçısı İlham Əliyev olmaqla, rayon rəhbərliyinə rəhbərlik etdiyi filialın müəllim və tələbə kollektivi adından minnətdarlığını bildirib. Yuxarı kursda təhsil alan və müəllim adını qazanacaq tələbələrlə bağlı bu cür təşəbbüsün irəli sürülməsini universitetin kollektivinə və gənclərə verilən böyük dəyər kimi qiymətləndirib. Peşəkar müəllimlərin “Açıq dərs”lərdə iştirak etmələrini gənc müəllimlər üçün təqdirəlayiq hal hesab edib. Təcrübə zamanı dinləmələrdə iştirak edən peşəkar müəllimlərdən tələbələrin ünvanına səslənən fikirləri, bildirilən rəyləri BDU-nun Qazax filialına, universitetin kollektivinə verilən qiymət kimi dəyərləndirib. Direktor bu ənənənin növbəti pedaqoji təcrübələrdə də davam etdiriləcəyini bildirib.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə olan bu səmimi münasibətə və yüksək qayğıya görə bütün təhsil işçiləri adından bir daha rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.
Pedaqoji təcrübədə iştirak edən BDU Qazax filialını riyaziyyat ixtisası üzrə bitirən V kurs tələbəsi Şəhla Dəmirova çıxış edərək gələcəyin gənc müəllimləri olaraq bu cür təşəbbüsün irəli sürülməsini yüksək qiymətləndirdiklərini bildirib. Qeyd edib ki, orta məktəblərdə keçirilən aktiv pedaqoji təcrübələr hər bir gənc tələbənin müəllim kimi fəaliyyətə başlamasında böyük əhəmiyyət kəsb edir. Müəllimlik peşəsinin təməlində dayanan əsas məsələlərdən biridir. Odur ki, irəli sürülən bu təşəbbüs peşəkar müəllimlərdən müəllimlik peşəsinin sirlərini öyrənməkdə biz gənclərə böyük yardımçı oldu. Əminik ki, pedaqoji təcrübə zamanı əldə etdiklərimiz gələcəkdə peşəkar müəllim kimi fəaliyyət göstərməyimizdə bizə çox kömək olacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq gələcəyin müəllimləri olan tələbələrə daha yüksək nailiyyətlər qazanmalarını bildirib və bu yolda onlara uğurlar arzulayıb.