İcra başçısı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhər məktəblərində olub
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub. Çünki uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyüməsi üçün hər cür şərait yaratmağa çalışıb.
Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı, nəvaziş hər kəsə yaxşı məlumdur. Məhz uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğını isə bağçaların, məktəb binalarının sayının ildən-ilə artmasından, uşaqların savadlı olmaları üçün təhsil sahəsinin daim diqqət mərkəzində saxlanılmasından aydın şəkildə görmək olar.
Sevindirici haldır ki, ölkə rəhbərinin uşaqlara olan diqqəti və qayğısı Qazaxda da olduğu kimi hiss olunmaqdadır. Son 3 ildə dəyişməyən bir şey də var ki, o da rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisi, göstərdiyi diqqət və qayğıdır. İcra başçısının uşaqlarla görüşməsi demək olar ki, iş fəaliyyətinin əsas tərkib hissəsinə çevilib. Elə bir gün tapılmaz ki, icra başçısı uşaqlarla görüşməsin. Bu görüşlər isə istər kəndlərdə, istərsə də şəhərdə ola bilər. Mütəmadi olaraq bağçalarda, məktəblərdə uşaqlara baş çəkərək qayğıları ilə maraqlanan rayon rəhbəri onların Vətəninə layiqli övad kimi yetişməsi üçün hər cür şərait yaradır.
Məhz ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Qazaxda uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün rayonda olan 25 uşaq bağçasından 18-i tam müasir tələblərə cavab verən səviyyədədir. Bu gün açılışını etdiyimiz 20 yerlik Qazaxbəyli kənd uşaq bağçası bu dediklərimizin ən bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhərdə fəaliyyət göstərənİ.Qayıbov adına şəhər 3 saylı, F.Şamoyev adına şəhər 4 saylıvə S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəblərdə olub. I,II,III və IV siniflərdə təhsil alan şagirdlərlə səmimi söhbət edərək onları əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Dövlətimiz və dövlət başçısı tərəfindən uşaqların hər an qayğı ilə əhatə olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam əqidədə, vətənpərər ruhda böyümələri, tərbiyə olunmaları üçün hər cür şərait yaradıldığını bildirib. Təkcə 1 iyun gününün deyil, bütün günlərin uşaqların olduğunu söyləyən rayon rəhbəri məhz gələcəyimizin onların əlində olduğunu vurğulayıb.
Sonra rayon rəhbəri məktəblilərin söylədikləri şeirləri dinləyib, mahnılara qulaq asıb.
Şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimləri Vüsalə Əhmədova, Aynurə Alıyeva, 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimləri Hürü Əliyeva, Xalidə Əhmədova əlamətdar bir gündə körpə balaları təbrik etmək üçün məktəblərinə gəlməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü, körpə balaların ünvanına səslənən dəyərli fikirləri uşaqlara olan qayğının əyani sübutu kimi qiymətləndiriblər. Uşaqlara olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı işlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıblar.
Uşaqlarla səmimi şəkildə görüşən icra başçısı onlarla xatirə şəkilləri çəkdirib.