Qazaxda arpa biçininə başlanılıb
Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Qazaxda gündən-günə inkişaf etdirilən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Son 3 ildir ki, rayonda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Görülmüş işlərin nəticəsidir ki, bu sahədə qısa müddətdə uğurlu göstəricilər əldə olunub.
Rayonda neft sənayesi və tikinti sektorundan sonra üçüncü böyük sahə olan kənd təsərrüfatı sahəsinə xüsusi diqqətin artırılması, bu sahənin inkişaf etdirilməsi bir məqsədə - işsizliyin aradan qaldırılmasına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Məhz bu səbəbdən də kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolunu nəzərə alaraq bu sahənin ildən-ilə inkişaf etdirilməsinə maraq göstərilir.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.
Rayonda cari ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda, 4250 hektarda arpa əkilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Respublikamızın hər yerində, o cümlədən də Qazax rayonunda arpa biçininə başlanılıb. Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.
Hazırda 4250 hektar arpa sahəsinin 280 hektarında biçin aparılıb. Qalan 3790 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.