Qazaxda 2 tondan artıq barama tədarük olunub
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazaxda da ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr qazanılır. Bunu son 3 ildə əldə olunan uğurlardan da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib.
Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub.Bu günə kimi İkinci Şıxlı, Birinci Şıxlı, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı-Qazaxbəyli, Kosalar, Hüseynbəyli-Canalı, Daş Salahlı, Dəmirçilər-Ürkməzli, Alpout-Abbasbəyli, Xanlıqlar, Cəfərli, Ağköynək-Qarapapaq kəndləri üzrə 2 tondan artıq barama "Azəripək” ASC-yə təhvil verilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
Məlumat üçün bildirək ki, bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır. Hətta onların arasında ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün "DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə ölkə rəhbərinə minnətdarlıq edirlər.Hər il olduğu kimi kümçülər bu il də daha çox məhsul götürməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər.