Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən seminar-müşavirədə dini icma sədrləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq rayondakı dini durum barədə məlumat verib. Bildirib ki, Azərbaycan torpağına qədəm qoyan hər kəsin şahidi olduğu tərəqqi və uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasəti durur. Bu gün həmin siyasət möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bunun nətiəcisidir ki, Azərbaycan din və milli-mənəvi dəyərələrimizin qorunub saxlanılması sahəsində də sürətlə inkişaf edir. Dinimizin maddi-texniki bazası möhkəmləndirilir, yeni məscidlər tikilir, ali dini təhsil müəssisələri yaradılır və bu sahəyə yüksək intellektli, savadlı gənclər dəvət olunur. Azərbaycan bu gün özünün multikulturalizm və tolerantlıq modelini bütün dünyaya qürurla təqdim edir. Natiq qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da dövlət-din münasibətləri düzgün tənzimlənir. Rayonda dini radikalizm, qarşıdurma meyilləri tam aradan qaldırılmışdır. Bu gün rayonda dini durum tam sabitdir. Eyni zamanda, rayonda dindarlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Sədrin birinci müavini ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, dini, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, eləcə də beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlanıldığını vurğulayıb. Azərbaycandakı dövlət-din münasibətlərinin əsasının ümummilli lider tərəfindən qoyulduğunu diqqətə çatdıran Səyyad Salahlı vurğulayıb ki, bu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. DQİDK sədrinin birinci müavini respublikamızda mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərildiyini bildirib. Onun sözlərinə görə, din xadimlərinə maddi dəstəyin göstərilməsi, xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun, həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bütün bunların bariz nümunəsidir.
Dövlət Komitəsi sədrinin birinci müavini, eyni zamanda gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini ekstremizmlə mübarizədə fəal olmalarının vacibliyini vurğulayıb.
Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara dini-maarifləndirici ədəbiyyatlar paylanılıb.