Orta Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Bu gün rayon rəhbəri növbəti səyyar görüşü Orta Salahlı kəndində keçirib. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.
Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən bu görüşdə də respublikamızda, Qazaxda, eləcə də rayonun kəndlərində qazanılan uğur və nailiyyətlərdən, görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı əvvəlki görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. Qeyd edib ki, kənddəki mövcud vəziyyəti öyrənmək, həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
İcra başçısı son 3 ildə Qazaxda da genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrdə uğurlu nəticələrin əldə olunduğunu bildirib.
Hazırda rayonda aparılan tikinti işlərindən söz açan rayon rəhbəri buna misal olaraq mərkəzi xəstəxana binasının tikintisini göstərib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib.
İcra başçısı qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini diqqətə çatdırıb.
Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. 2016, 2017, 2018-ci illərə, eləcə də cari ilin birinci yarımilinə nəzər yetirsək görürərik ki, son illər abadlıq, quruculuq işləri daha çox olub. Rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu istifadəyə tam hazırdır. Rayon rəhbəri vurğulayıb ki, istər kənd təsərrüfatı, istərsə də sənaye sahəsində yaradılan bu sosial obyektlər iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, bu sosial obyektlərin inşası xeyli sayda rayon sakininin işlə təmin olunması, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması deməkdir.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. İcra başçısı qeyd edib ki, təmirə ehtiyacı olan Fərəhli, İkinci Şıxlı, Alpout, Xanlıqlar, Ağköynək kəndlərində də yenidənqurma işlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonda məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş 5 illik Dövlət Proqramına həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. O cümlədən də həmin məktəblərdən birinin məhz Orta Salahlı kənd tam orta məktəbinin olduğunu vurğulayıb.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib.
Rayon rəhbəri qeyd edib ki, bu gün kənddə mövcud olan problemlərdən biri də Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasıdır. İcra başçısı Dövlət Proqramında 5 il müddətində daha 21 ədəd subartezian quyusunun qazılması ilə yanaşı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı və Orta Salahlı kəndlərində Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Qazaxbəyli kənd uşaq bağçasının bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə verilməsini qeyd edərək bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. İcra başçısı Orta Salahlı kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini söyləyib.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən söz açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin ali sərəncamlara və büstün qoyulmasına görə ziyalılar adından bir daha ölkə başçısına, Mehriban xanıma minnətdarlığını bildirib. Rayon rəhbəri həmin sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb. Bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyinin də qeyd olunduğunu vurğulayıb.
"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı vətəndaş amilinin Qazaxda da hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin məhz bu məqsədə xidmət etdiyini vurğulayıb.
Kənd ağsaqqalı Nəbi Babacanov, sakinlərindən Rəcəb Abdulkərimov, Mahir Şahnəzərov, Firdovsi Xiyalov, S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov, məktəbin riyaziyyat müəllimi Aytəkin Məmmədli və başqaları çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son 3 il ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddəki artezian quyuları, elektrik və rabitə xətləri, SİP kabelləşmə, məktəb tikintisi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Bununla bağlı məsələnin yerində baxış keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü görüş də bunun bariz nümunəsidir.