Qazaxda M.Hüseyn adına məktəb-liseydə son zəng çalınıb
Respublikamızın hər yerində qeyd olunan 14 İyun - “Son zəng” günü Mehdi Hüseyn adına məktəb-liseydə də yüksək səviyyədə təşkil olunub. İstər müəllimlər, istərsə də şagirdlər 2018-2019-cu tədris ilinin başa çatmasını böyük sevinc hissi və bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.
“Son zəng” müasibətilə təbrik üçün məktəb-liseyə gələn Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu məktəblilər əllərində-gül-çiçək dəstələri ilə qarşılayıblar.
Məktəb-liseyin direktoru Tahirə Comərdova rayon rəhbərliyini salamlayaraq “Son zəng” münasibətilə müəllim və şagirdləri təbrik etdikdən sonra tədbir açıq elan olunub.
“Ey eziz anam Azərbaycan” mahnısının sədaları altında məzunların meydana gəlməsi ilə başlayan tədbirdə hər tərəfə alqış sədaları yayılıb.
Bu məktəbdə də Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra “Son zəng” tədbirinə start verilib.
Direktor T.Comərdova çıxış edərək ölkəmizdə dövlət başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıdan söz açıb. Dövlət başçısının bu sahəyə olan qayğısı sayəsində respublikamızın bütün bögələrində olduğu kimi, Qazaxda da böyük işlər görüldüyünü, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunduğunu qeyd edib. T.Comərdova son 3 ildə rayon rəhbərliyinin təhsil sahəsinə, müəllimlərə, şagirdlərə göstərdiyi qayğıdan da danışıb. Qeyd edib ki, fəaliyyətə başladığınız ilk gündən bütün təhsil işçiləri sizin qayğınızı hiss edir. Bunu istər çoxsaylı məktəb binalarının əsaslı şəkildə təmir olunmasından, istər müəllim və şagirdlərlə mütəmadi görüşlər keçirməyinizdən, rayonda təhsilin səviyyəsinin qaldırılması istiqamətində gördüyünüz işlərdən aydın şəkildə görmək olur. Ötən il bizim məktəbin də əsaslı şəkildə təmir olunması bunun əyani sübutudur. Müəllimlərin dərsə hazırlıq səviyyəsinin, şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılan işçi qrupunun fəaliyyətindən söz açaraq bunun öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, məktəbdə 874 nəfər şagird təhsil alır. Builki birincilərin sayının 80, IX sinfi bitirən şagirdlərin 70, XI sinfi bitirərək məzun adını qazanan şagirdlərin isə 42 nəfər olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il 42 nəfər XI sinfi bitirir ki, onlardan 40 nəfəri ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak ediblər. Onlardan 39 nəfəri birinci turda müvafiq ballar toplayıblar. İlkin olaraq 1 nəfərin 653, 5 nəfərin 500-dən yuxarı bal topladığını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü və “Son zəng” münasibətilə müəllim və şagirdləri təbrik etdikdən sonra Respublika Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın ölkə təhsilinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər ölkəmizdə inşa olunan, təmir-bərpa işləri aparılan məktəblərin sayının artdığını bildirib. Bu sahədə görülən işlərin Qazax rayonundan da yan keçmədiyini vurğulayıb. Bu ilin fevralında istifadəyə verilən Səməd Vurğun adına şəhər 2 saylı tam orta məktəbi bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında təhsil sahəsinə də üstünlük verildiyini bildirib. Qəbul olunmuş 5 illik Dövlət Proqramına həmin illər üzrə Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. O cümlədən də həmin məktəblərdən birinin məhz məktəb-lisey olduğunu vurğulayıb.
Rayon rəhbəri bu əlamətdar gün münasibətilə birinciləri də təbrik edərək belə gözəl bir günün onların həyatında da yaşanmasını arzulayıb. Bu gün onbirincilərdən estafeti təhvil alan birincilərə daha böyük nailiyyətlər qazanmalarını arzulayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək “Son zəng” münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək məzunlara yenicə qədəm qoyduqları həyatda uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamına bu gün də böyük hörmətlə yanaşıldığını və gələcəyimiz olan uşaqlar üçün məqsədyönlü tədbirlər görüldüyünü vurğulayıb. Məktəbi bitirən məzunlara müsəqil Azərbaycanın qurucuları kimi yetişməyi tövsiyə edən müavin hər zaman ölkələrinin, doğulub boya-başa çatdıqları Qazax rayonunun, təhsil aldıqları məktəbin adını uca tutmalarını bildirib.
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə, icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb.
Valideynlərdən Novruz Abdullayev, Xəyyam Salehov və başqaları çıxış edərək məzun adını alan bütün onbirinciləri təbrik ediblər. Son illər Qazaxda bütün sahələrlə yanaşı təhsil sahəsinin də uğurla inkişaf etdiyini söyləyiblər. Ölkə başçısının və rayon rəhbərliyinin təhsilə göstərdikləri diqqət və qayğı sayəsində Qazaxın ötən il qəbulun nəticələrinə görə respublika məktəbləri arasında 3-cü yerdə dayandığını söyləyiblər. Məktəbin direktoru olmuş Qasım Əliyev də müəllim və şagird kollektivini təbrik edib, dövlət tərəfindən təhsil sahəsinə olan qayğıya görə rayon ziyalıları və ağsaqqalları adından ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Məktəblilərin hazırladıqları “Yaşa Azərbaycan” kompozisiyası tədbirə toplaşanlara əsl bayram sevinci yaşadıb. Məzunların ifasında “Şuşanın dağları” mahnısının sədaları altında təqdim olunan rəqs nümunəsi alqışlarla qarşılanıb.
Məzunlar “Əziz müəllimim” mahnısını səsləndirdikdən sonra söz məktəbin VI sinif şagirdi Nurlan İsmayılova verilib. Onun saz havası üstdə səsləndirdiyi “Qazaxdanam mən” şeiri məktəbi bitirən məzunlara təbrik töhfəsi olub.
Məktəbin IV sinif şagirdi Nərmin Abdullayevanın “Azərbaycan-Türkiyə” şeiri, VI sinif şagirdi Nurlan İsmayılovun səsləndirdiyi “Çırpınırdı Qara dəniz” mahnısı “Son zəng” münasibətilə təşkil olunmuş tədbirə daha bir rəng qatıb.
Məktəbin məzunu olmuş, gənc aşıq Şahin Süleymanovun şair Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır, oğlum” şeirini saz havası üstə təqdim etməsi isə tədbirə daha bir xoş ovqat qatıb və alqışlarla qarşılanıb.
Məzunları birincilər də söylədikləri şeirlər, mahnılar, nümayiş etdirdikləri rəqs nümunələri və müxtəlif kompozisiyalarla təbrik ediblər.
“Son zəng” münasibətilə təşkil olunmuş tədbir “Yaşa Azərbaycan” mahnısının sədaları altında xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Tədbirdən sonra rayon rəhbərliyi müəllim kollektivi ilə görüşüb. İcra başçısı bu gün tədbirin yüksək səviyyədə təşkil olunmasında əməyi keçən insanlara minnətdarlığını bildirib. Məktəb-liseyin rayon məktəbləri arasında istər qəbulun nəticələrinə, istərsə də tədbirlərin təşkilinə görə seçildiyini bildirib və uğurlarının bundan sonra da bol olmasını arzulayıb.
Rayon rəhbəri Qazaxın ziyalılar yurdu olduğunu qeyd edərək dövlət başçısı tərəfindən ziyalılarımıza verilən qiymətdən də söz açıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən söz açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin ali sərəncamlara və büstün qoyulmasına görə ziyalılar adından bir daha ölkə başçısına, Mehriban xanıma minnətdarlığını bildirib. Rayon rəhbəri həmin sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb. Bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyinin də qeyd olunduğunu vurğulayıb.
Məktəbin direktoru Tahirə Comərdova tədbirdə iştirak etdiyinə, məzunlara ürək sözlərini çatdırdığına görə rəhbərlik etdiyi kollektiv adından icra başçısı Rəcəb Babaşova bir daha dərin minnətdarlığını bildirib.
Məktəbin ingilis dili müəllimi Şəfiqə Rəhimi, fiziki tərbiyə müəllimi Bayramxatın Rəhimova, ibtidai sinif müəllimi Xatirə Mustafayeva, direktor müavini Rəhim Muradov çıxış edərək təhsil sahəsinə, müəllimlərə göstərilən diqqət və qayğıya görə bir daha ölkə başçısına, onlara olan səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Bu gün onların sevinclərinə şərik olduğuna görə rayon rəhbərinə razılıqlarını ifadə ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda məktəbliləri, müəllimləri, valideynləri bir daha təbrik edib, xoş arzularını çatdırıb.