Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar görülmüş işlərlə bağlı növbəti iclas keçirilib

15 iyun 2019 | 16:00

Artıq bir neçə aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası uğurla yerinə yetirilir. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisini paralel olaraq həyata keçirir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət yaradılmış komissiyanın üzvləri və hazırda iş aparılan sahələrdə işləyən məsul şəxslərin iştirakı ilə növbəti iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib.
Sonra rayon rəhbəri Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması, kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması, işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin işlərin keyfiyyətlə həyata keçirilməsindən söz açıb. Rayon rəhbəri su-kanalizasiya xəttinin çəkilişinin mövcud vəziyyəti ilə maraqlanıb.
Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazov görülən işlər barədə məlumat verərək hazırda şəhərin Bakı, Azadlıq, N.Gəncəvi, Ə.Süleymanov, Ə.Seyidov, S.Vurğun, M.V.Vidadi, M.Carçıyev, M.Hüseyn küçələrində, N.Nərimanov qəsəbəsində su-kanalizasiya xəttinin çəkilişi işlərinin aparıldığını bildirib. Layihə rəhbəri bu günə kimi kanalizasiya xəttinin çəkilişi üzrə 18%, su xəttinin çəkilişi üzrə isə 8% işlərin yerinə yetirildiyini qeyd edib.
İclasda iştirak edən 8 saylı Tovuz Regional Su-Kanal İdarəsinin rəisi Darvin Hüseynov, "Azərsu” ASC-də texniki nəzarət mühəndisi Rövşən Əsgərov, Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması və yol tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil Allahverdiyev çıxış edərək su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar görülən işlərdən danışıblar. Bütün işlərin keyfiyyətinə böyük dəqiqliklə nəzarət olunduğunu vurğulayıblar. Qeyd ediblər ki, istər bu gün bu iclasın keçirilməsi, istər yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə maraqlanması, öz təklif və tövsiyələrini vermələri bir daha onu sübut edir ki, rayonda su-kanalizasiya sisteminin çəkilişi bundan sonra layihədə nəzərdə tutulan formada həyata keçiriləcəkdir.
Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov və başqaları çıxış edərək əvvəlcə Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Günü-gündən inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə aradan qaldırılmasını yüksək qiymətləndiriblər.
İclasda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsində əksini tapan su mənbəyindən, çəkiliş zamanı səliqə-sahmana diqqət yetirilməsi, vətəndaşların rahatlığının təmin olunması ilə bağlı məsələlər də müzakirə olunub. Rayon rəhbəri qeyd olunan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər