İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri vətəndaşlara göstərilən xidmət sahələridir. Təqdirəlayiq hal isə odur ki, bu diqqət və qayğı bütün sahələri əhatə edir. İstər səhiyyə, istər təhsil, istər mədəniyyət, istərsə də digər xidmət sahələrində vətəndaşlara göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin səhiyyə sahəsinə olan diqqətinin ən bariz nümunəsi isə mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün vətəndaşlar tərəfindən ünvanlanmış müraciətə əsasən Qazax Müalicə Diaqnostika Mərkəzində olub, müraciətdə qeyd olunan məsələ ilə bağlı yerində baxış keçirib, mövcud vəziyyətlə maraqlanıb. Palataları gəzərək müalicə alan xəstələrlə görüşüb və vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla da tanış olub.
Rayon rəhbərliyi müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu qeyd edib.
İcra başçısı Mərkəzdə kondisonerin işləməməsi barədə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlə bağlı ciddi iradlarını bildirib. Məsələnin tez bir zamanda həll olunması barədə tapşırıq verib.