Vətəndaşların qaldırdıqları məsələyə diqqətlə yanaşılmalıdır
Bu gün Ölkə Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili bütün bölgələrimizdə əsas götürülməli, ölkə başçısının vətəndaşlara olan münasibəti hər bir dövlət məmuru üçün nümunə olmalıdır. Son 3 ildir ki, Qazax rayonunda da vətəndaş amili hər şeydən üstün tutulur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən vətəndaş amilinə xüsusi diqqət ayırması, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur. Rayon rəhbərinin edilən müraciətlərə, qaldırılan ən xırda məsələyə belə xüsusi qayğı ilə yanaşması, ən əsası da həssas münasibət bildirməsi bir amala xidmət edir ki, yenə də onun kökündə vətəndaşların məmnunluğu dayanır. İcra başçısının daim diqqət mərkəzində saxladığı sahələrdən biri də səhiyyə sahəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaşın Qazax Müalicə Diaqnostika Mərkəzində kondisonerin işləməməsi barədə müraciətinə əsasən yerində baxış keçirməsi, mövcud vəziyyətlə maraqlanması barədə məlumat vermişdik.
İcra başçısı günün ikinci yarısında isə yenidən Mərkəzdə olub və çalışan tibbi heyətlə görüşüb. Qeyd olunan məsələ ətraflı şəkildə müzakirə olunub.
Rayon rəhbəri qeyd edib ki, bu gün problemin olması o demək deyil ki, onun həlli mümkün deyil. Əksinə vətəndaşların qaldırdıqları məsələyə diqqətlə yanaşılarsa, həmin problem öz müsbət həllini tapar. Odur ki, hər bir müəssisə rəhbəri çalışmalıdır ki, səsləndirilən problemin səbəbi vaxtında öyrənilsin və həlli mümkün olan nə varsa edilsin. Ən əsası isə həyata keçirilən bütün işlərin arxasında vətəndaşların rahatlığının dayandığını dərk etməli və öz peşələrinə, işlərinə məsuliyyətlə yanaşmalıdırlar.
Ölkə rəhbərinin vətəndaşlara olan diqqət və qayğısından söz açan icra başçısı bundan sonra da hər bir vətəndaşın istəyinə, müraciətinə diqqətlə yanaşılacağını bildirib.
Mərkəzdə çalışan həkimlərdən Cəbrayıl Vəlizadənin, və başqalarının mərkəzin qarşısında dayanacağın və keçidin qoyulması ilə bağlı istəklərinə də baxılacağı qeyd olunub.
Sonda icra başçısı Mərkəzdə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlə bağlı bir daha ciddi iradlarını bildirərək məsələnin qısa bir vaxtda həll olunması barədə tapşırıq verib.