Qazaxda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Respublika Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilən bu gün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd edilib.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının kollektivi, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, dövlət qulluqçusu statusu olan idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb.
Qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.
İcra Başçısı bildirib ki, Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Son 15 ildə dövlət qulluğunda çalışanların böyük əksəriyyətinin gənclər təşkil etdiyini bildirən icra başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğu ilə bağlı imzalanan fərman və sərəncamların da məhz gənc kadrların önə çəkilməsinə xidmət etdiyini bildirib.
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da bunu bir daha sübut etdi ki, ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür.
İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil və suveren Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik.
Sonra dövlət qulluqçularından DSMF-nin Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı RİHBA-da aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan danışıblar. Ölkəmizdə bütün sahələrin inkişaf etməsində dövlət qulluqçularının böyük əməyinin olduğunu qeyd ediblər.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir qrup dövlət qulluqçusuna peşə bayramları münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar təqdim edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş mütəxəssis vəzifəsində çalışmış Həbibova Elminaz Həmzə qızı isə dövlət qulluğunda 42 il müddətində göstərdiyi xidmətə görə “Əmək veteranı” statusunun verilməsi münasibətilə təbrik edilib.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.