Vətəndaşların müraciətinə yerində baxılıb
Bu gün genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı və böyük bir tikinti meydançasını xatırladan Qazaxda bütün sahələr inkişaf edir. Daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların müraciətlərinə operativ şəkildə cavab verilməsi, vətəndaşın istəyinə əsasən yerində baxış keçirilməsidir. Son 3 ildə rayon rəhbərinin vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bunun əyani sübutudur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hər bir rayon sakini ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacağını bilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün icra aparatına müraciət etmiş daha bir vətəndaşın – Qaymaqlı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili İsmayılov İbrahim Şahvələd oğlunun müraciətinə əsasən yerində baxış keçirib.
Vətəndaşın subartezian quyusunda suyun az olması barədə müraciətini nəzərə alaraq Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov və digər aidiyyəti şəxslərlə birlikdə Qaymaqlı kəndində olub. Vətəndaşın müraciətini diqqətlə dinləyən icra başçısı onu narahat edən məsələyə aidiyyəti üzrə baxılacağını bildirib.
Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərov vətəndaşın qaldırdığı məsələnin həlli ilə bağlı təklif və tövsiyələrini bildirərək günü sabahdan həmin məsələnin öz müsbət həllini tapacağını söyləyib.
Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri hər zaman olduğu kimi bu məsələnin də operativ şəkildə həll olunacağını qeyd edib və bununla bağlı aidiyyəti şəxslərə tapşırıqlarını verib.
Vətəndaş İbrahim İsmayılov onun istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb, özünün və kənd sakinlərinin adından minnətdarlığını bildirib. Ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıb.