Hərbi hissədə tədbir keçirilmişdir
Qazax rayonundakı hərbi hissədə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri Qazaxdakı N saylı Hərbi Hissə komandirinin siyasi işlər üzrə muavini, polkovnik-leytenant Elmar Zeynalabdinov açmışdır. Rayon İcra Hakimiyyəti başçısının birinci muavini Fərman Nağdalıyev, Respublika Hərbi Prokurorluğunun nümayəndəsi, ədliyyə polkovnik-leytenantı İlyas Rzayev və başqaları çıxış etmişlər.
Azərbaycan Respublikasının Baş Prokurorunun muavini, Respublikanın Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin Silahlı Qüvvələr günü münasibətilə təbrik məktubu oxunmuşdur.
Çıxış edənlər Silahlı Qüvvələr günü münasibətilə xalqımızı və hərbi hissənin əsgər və zabitlərini təbrik etmişlər, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və torpaqlarımızın erməni işğalından azad olunması, Vətənimizin və Ölkəmizin sərhədlərinin qorunması sahəsindəki fəaliyyətlərində uğurlar arzulamışlar.
Çıxışlar zamanı bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artırılmışdır. Ulu Öndər Heydər Əliyev orduya hər kəsin qayğı göstərməsini tövsiyə etmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhülkəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda, hərbi qulluqçuların sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirilməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratmış və onları torpaqlarımızın işğaldan azad olunmasında yeni-yeni mübarizələrə ruhlandırmışdır.
Qazax rayonunun “Göyəzən” instrumental ansamblının və ansamblın muğənnilərinin çıxışları, oynaq rəqs havaları, müdətdən artıq hərbi xidmət qulluqçusu Orxan Məmmədovun oxuduğu mahnılar hərbi hissənin əsgər və zabitlərinə xoş ovqat bəxş etmişdir.
Sonda Həbi Hissənin hərbi xidmətdə fərqlənən əsgər və zabitlərinə Fəxri Fərmanlar təqdim olunmuş və qiymətli hədiyyələr verilmişdir.