Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Vaqif Səmədoğlunun “İntihar”ı Qazax Dövlət Dram Teatrının səhnəsində nümayiş olunub

22 iyun 2019 | 16:00

Bu gün Qazax Dövlət Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə dramaturqun "İntihar” pyesi oynanılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan Səməd Vurğun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat katibi Xəyal Rza, "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər Televiziyasının əməkdaşı Həmid Herisçi, Bakıdan qonaq olan aktyorlar Kamran Yunis, Xəzər Süleymanlı, Mənzər Məmmədrəsul qızı, yazarlar, saz, söz adamları, ziyalılar da tamaşaçılar arasında olublar.

Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov çıxış edərək tamaşanı izləməyə gələn iştirakçıları salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Müasir mövzuda yazılan pyesin Qazaxda səhnəyə qoyulmasından məmnunluğunu dilə gətirib. Qeyd edib ki, tamaşa Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında səhnələşdirilib. Vaqif Səmədoğlunun müasir mövzuda yazdığı bu pyesi səhnəyə qoymaq böyük məsuliyyət tələb edirdi. Ancaq biz bu məsuliyyəti üzərimizə götürüb pyesi səhnələşdirdik. Ümid edirəm ki, tamaşanı hər kəs bəyənəcək.

Sonra tamaşa izlənilib. Quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubovun olduğu tamaşa ilk andan izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın rejissoru Əməkdar artist Hacı Hacıyev, quruluşçu rəssamı Afiq Məmmədov, rejissor assisenti  isə Kəmalə Eyyubovadır.

Tamaşada rolları Allahverdi Musayev (Azər), Zəmanə Dərviş (Məsmə), Xanım Məmmədova (Xeyransa), Aydın Orucov (Samson bəy), Nazilə Məmmədova (Dalila xanım), Sayalı İsmayılova (Kleopatra), Hacı Hacıyev (Elcan Vətənski), İlqar Hacəliyev (Şəkər bədbin), Yusif Qoca (Cabir), Minayə İbrahimova (Ellada), Ema Zeynalova (Qonşu qarı), Nəsimi Aşbazov (lal-kar oğlan), Arif Almədədov (kişi), Zamin Musayev (fəhlə) ifa ediblər.

Zaldan ucalan gur alqışlar tamaşanın uğurlu alındığının göstəricisi olub.

Tamaşadan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yubiley tədbiri və büstün açılışı münasibətilə bir daha rayon ictimaiyyətini təbrik edib. Tamaşa haqqında ürək sözlərini çatdıraraq teatrın kollektivinə, tamaşanın ərsəyə gəlməsində əməyi keçən insanlara uğurlu çıxışlarına görə minnətdarlığını bildirib.

 

Keçidlər