Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda rayon ərazisində baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin aparılması ilə bağlı müşavirə keçirilib

26 iyun 2019 | 16:00

Bu gün Qazaxda rayon ərazisində baş vermiş və ya baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin aparılması ilə əlaqədar müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB- nin kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak ediblər.
Geniş tərkibdə keçirilən müşavirədə rayonda baramanın mövcud vəziyyəti, taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması istiqamətində görülmüş işlər, bununla bağlı yaradılmış Qərargah, suda boğulma hadisələrinin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin görülməsi, icbari sığorta haqqında Qanunun icrası və s. məsələlər müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq əvvəlcə bu gün 101 yaşını qeyd etdiyimiz Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə başda ölkə Prezidenti İlham Əliyev və ailə üzvləri olmaqla, bütün xalqımızı, rayon sakinlərini və müşavirə iştirakçılarını təbrik edib. Ali Baş Komandanın rəhbərliyi altında gündən-günə inkişaf edən müstəqil Azərbaycanın güclü ordusunun olduğunu və həmin ordunun qələbə zəfərini çalacağı günün uzaqda olmadığını söyləyib.
İcra başçısı qeyd edib ki, Azərbaycanın sürətli iqtisadi inkişafında neft sektorunun aparıcı rolu olsa da son illər qeyri-neft sektoru da ümumi iqtisadi artımda önə çıxmaqdadır. Ölkə iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatının inkişaf etdirilməsi həm də yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri bildirib ki, ölkə başçısı İlham Əliyevin müvafiq fərman və sərəncamları, verdiyi tapşırıq və tövsiyələr ölkədə kənd təsərrüfatının inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına yönəldilib. Son illər ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində uğurlu göstəricilər əldə olunub. Rayon rəhbəri dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq kənd təsərrüfatını inkişaf etdirən, xüsusilə də əkin sahəsinin hektarını ildən-ilə artıran rayonlardan birinin məhz Qazax rayonu olduğunu vurğulayıb. Rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdiyini qeyd edən icra başçısı taxılçılıq, kartofçuluq, tütünçülük, baramaçılıq, eləcə də digər sahələr üzrə əldə olunan göstəricilərdən söz açıb.
Keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən söz açan rayon rəhbəri qeyd edib ki, bu gün rayonumuzda kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilir. İndi kənddə işlərin qızğın çağıdır. Belə bir vaxtda müşavirəni keçirməkdə məqsəd kənd təsərrüfatı sahəsində görülən işləri nəzərdən keçirmək, qarşıda duran vəzifələri müzakirə etmək, su və texnika sarıdan kənd təsərrüfatının necə təmin olunması vəziyyətini aydınlaşdırmaq, nəyə daha çox ehtiyac olduğunu müəyyən etməkdir.
İcra başçısı ölkə rəhbərinin respublikamızda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrdən də danışıb. Bildirib ki, "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı bir daha onu göstərir ki, ölkəmizdə baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri hesab olunur. Bu Dövlət Proqramının qəbul olunması eyni zamanda ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi istiqamətində zəruri tədbirlər görülməsi üçün geniş imkanlar açır.
İcra başçısı ölkə Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin, bununla bağlı imzaladığı sərəncamların respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla yerinə yetirildiyini diqqətə çatdırıb. Son 3 ildə rayonda bu sahədə olan inkişafı qeyd edən rayon rəhbəri 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq, 2018-ci ildə isə 6260 kq yaş baramanın istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verildiyini bildirib. İcra başçısı cari ildə kümçülər tərəfindən 8 ton yaş barama istehsalının nəzərdə tutulduğunu və bu günə kimi artıq 7 tondan çox yaş baramanın tədarük olunduğunu vurğulayıb.
İcra başçısı gündəlikdə duran ikinci məsələnin rayonda taxıl biçininin vaxtında, itkisiz başa çatdırılması və digər kənd təsərrüfatı bitkilərinin becərilməsinin mövcud vəziyyəti ilə əlaqədar olduğunu bildirib. Rayonda cari ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda, 4250 hektarda arpa əkildiyini qeyd edib. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da taxıl biçininin uğurla davam etdirildiyini bildirib. Hazırda 4250 hektar arpa sahəsinin 3769 hektarında biçin aparıldığını, qalan 481 hektar sahədə də biçin işlərinin sürətlə davam etdirildiyini vurğulayıb. 8305 hektarda əkilmiş buğda sahəsində də biçinin uğurla həyata keçirildiyini və bu günə kimi 938 hektarda biçin aparıldığını söyləyib. Bu günə kimi sahələrə 34 kombaynın cəlb olunduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması istiqamətində görülən işlərdən də söz açıb. Yuxarı Salahlı kəndində rayon ərazisində taxıl biçininin təhlükəsiz şəraitdə başa çatdırılması üçün xüsusi Qərargah yaradıldığını bildirib. Bundan əlavə, taxıl sahəsi olan bütün kəndlərdə hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.
Müşavirədə əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməsi sahəsində görülən işlərdən də söz açılıb. Qeyd olunub ki, yaz aylarında rayonda olan suvarma arx və kanallarının təmizlənməsinin nəticəsidir ki, əkinlərin suvarma suyu ilə təmin olunması sahəsində heç bir problem yoxdur. Lakin buna baxmayaraq əkin sahəsi olan sakinlərin su itkisinə yol verməməsi, ən əsası da suvarılmanı növbəlilik əsasında aparmaları tövsiyə olunub. Gələcəkdə suvarılma ilə bağlı hər hansı bir problemin olmaması üçün aidiyyəti şəxslərə daha gücləndirilmiş iş rejimində çalışmaları və əhalini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmələri bildirilib.
Müşavirədə söhbət açılan mövzulardan biri də rayonda son günlər baş vermiş suda boğulma halları ilə bağlı olub. Rayon rəhbəri bu cür halların rayonda təkrar baş verməməsi üçün xüsusi tədbirlərin həyata keçirilməsini qeyd edib. Əsasən də Kür çayı və kanal ətrafında yerləşən kəndlərdə əhalinin maarifləndirilməsi işinin aparılmasını, qadağa ilə bağlı xüsusi bildirişlərin paylanılmasını qeyd edib və bununla əlaqədar tapşırıq verib. Hər bir vətəndaşın bu hadisələrdə məsuliyyət daşıdığını xüsusi vurğulayıb.
İcbari sığorta haqqında Qanunun icrası ilə əlaqədar görülmüş işlər də müşavirədə müzakirə olunub. İcbari sığortanın əhəmiyyəti və dövlət tərəfindən bu sahəyə olan qayğı qeyd olunub. Bu sahədə də maarifləndirici tədbirlərin təşkil olunması və həmin tədbirlərin əhalinin bu sahəyə olan marağının artmasında böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək bugünkü müşavirənin kənd təsərrüfatının inkişafı istiqamətində atılan ən mühüm addımlardan biri olduğunu bildiriblər. Kənd təsərrüfatında görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq sonda bəzi məsələlərlə əlaqədar bir daha öz tapşırıq və tövsiyələrini verib.

Keçidlər