İcra başçısı Damcılı qoruğundakı mövcud vəziyyətlə tanış olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də mədəniyyət sahəsidir. Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması bunun bariz nümunəsidir. Eyni zamanda, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının, qoruqların, istirahət mərkəzlərinin əsaslı şəkildə təmir olunması, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm işlərin görülməsi rayon rəhbərinin bu sahəyə olan qayğısını əyani şəkildə sübut edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Damcılı qoruğunda olub, qoruq ərazisindəki mövcud vəziyyətlə maraqlanıb. Vətəndaşların rahat şəkildə istirahət etmələri üçün yaradılan şəraitlə, onlara göstərilən xidmətlərlə tanış olub. Rayonun turizm potensialının artırılması istiqamətində görülmüş işlərdən söz açıb.
İcra başçısı mağara düşərgəsində aparılan arxeoloji qazıntılarla da maraqlanıb.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva rayon rəhbərinə məlumat verərək bildirib ki, 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduqlarını qeyd edib. Növbəti ayın ortalarından etibarən həmin nümayəndə heyətinin yenidən qoruq ərazisində arxeoloji qazıntılara başlayacaqlarını bildirib. Bu il artıq 4-cü il olacaq ki, aparılan qazıntıların imzalanmış 3 tərəfli beynəlxalq memorandum əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Bu memorandumun Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlandığını qeyd edib.
Qoruğun ərazisində yaradılan səliqə-sahmanla, sakinlərə göstərilən xidmətlərlə tanış olan icra başçısı burada abadlıq işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə bəzi tapşırıq və tövsiyələrini verib.
S.Əliyeva qoruqda abadlıq işlərinin aparılmasına, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını bildirib.