23 iyun - Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir
Qazaxda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin dəyirmi masasında keçirilən tədbirdə yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq 23 iyun- Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycanın bütün sahələr üzrə mütəxəssisləri, peşəkar kadrları, dövlət qulluqçuları var və onlar öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 23 iyun respublikamızda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai–siyasi, sosial–iqtisadi həyatındakı roluna verilən ən yüksək qiymət olmaqla, həm də onları dövlət qulluğu prosesində daha fəal, əzmkar olmağa sövq edir.
Rayon İcra Hakimiyyəti Başçısının I müavini Fərman Nağdalıyev tədbirdə çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Dövlət qulluqçularından İcra Hakimiyyəti Aparatında tikinti şöbəsinin müdiri Mehdi Həsənov, aparıcı məsləhətçi Hüseyn Hüseynov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirin sonunda dövlət qulluqçularını peşə bayramı münasibətilə bir daha səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və Hüseyn Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunduğunu bildirmişdir. Bu xəbər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Axırda İcra Hakimiyyəti Aparatında aparıcı məsləhətçi Fariz Vəliyevə “Tərəqqi” medalı təqdim edilmişdir.