Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.
İyun ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı, Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirmiş, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd etmişdir.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanmış, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olması bildirilmişdir.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulamışdır. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilmişdir. 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min kv.m sahədə inşaat işləri aparılmış, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunmuşdur.
Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.
Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılmışdır.