Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Polis işçilərinin peşə bayramı qeyd olunub

02 iyul 2019 | 16:00

Bu gün Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün münasibətilə tədbir keçirilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin xatirəsini anıblar. Memorial önünə gül düzən tədbir iştirakçıları Vətən övladlarına böyük ehtiramlarını bildiriblər.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polkovnik Ədalət Əliyev tədbiri giriş sözü ilə açaraq polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb. Azərbaycan Polisinin yaranmasından və ötən 101 il ərzində keçdiyi şanlı tarixi yoldan söz açıb. Qeyd edib ki, 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. İlk nazir isə Fətəli Xan Xoyski olmuşdur. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Ulu öndərin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunmağa başladı. Polis orqanlarının maddi-texniki təminatının gücləndirilməsi sahəsinə xüsusi diqqət yetirilməyə başlanıldı.
Cənab Prezident 2 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci il dönümünə həsr olunmuş mərasimdə çıxış edərək Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirərək söyləmişdir: “İctimai asayiş Azərbaycanda daim yüksək səviyyədə qorunmalıdır. Xüsusilə 1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur”. Bəli, Azərbaycan Respublikası tarixin bütün zamanlarında keşməkeşli yol keçmişdir. Cənab Prezidentin vurğuladığı 92-93-cü illər Azərbaycan tarixinə qara hərflərlə yazılmışdır. İstər daxili münaqişələr, istərsə də mənfur erməni daşnakları ilə müharibədə Azərbaycan polisi xüsusi şücaət sərgiləmiş və Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir. Qeyd edib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları da ərazilərimizin düşmən hücumundan müdafiəsi zamanı gedən döyüşlərdə fəal iştirak etmişlər. Torpaqlarımızın müdafiəsi zamanı 7 nəfər polis əməkdaşı müxtəlif xəsarətlər almış, 8 nəfər şəhid olmuş, onlardan iki nəfəri Şamoy Çobanov və İlham Fərzəliyev ölümlərindən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Bu gün də Qazax polisi öz xidmətini layiqincə yerinə yetirir.
Ə.Əliyev ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun və Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladıqları təbrik məktubları oxunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək rayon rəhbərinin salamlarını və səmimi təbriklərini çatdırıb. 101 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkaşlarının peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib. Qeyd edib ki, nitqimi ulu öndər Heydər Əliyevin Polis haqqında işlətdiyi bir ifadə ilə başlamaq istəyirəm: “Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Azərbaycan polisinin ölkəmizdə ictimai-sabitliyin təmin olunmasındakı rolundan danışan birinci müavin qeyd edib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan polisi öz peşə bayramını da məhz ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, ulu öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.
M.Alıyev bildirib ki, ulu öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Bildirib ki, ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir. Birinci müavin rayon rəhbərinin hüquq-mühafizə orqanlarına olan qayğısından və bu qayğı sayəsində yaranan səmimi münasibətdən də söz açıb.
Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev, Rayon Prokuroru Əlirza Babayev çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər.
Tədbirdə iştirak edən Polis Veteranlar Şurasının sədri Ramiz Xəlilov, veteran polis Qayib Civişov, gənc polis əməkdaşı Pərvin İbrahimov çıxış edərək polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 101 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər.
Tədbirin sonunda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müvafiq sərəncamı ilə bir qrup polis əməkdaşına peşə bayramları münasibətilə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar təqdim edilib. Həmçinin, Daxili İşlər Nazirliyi və Rayon Polis Şöbəsi tərəfindən bir qrup polis əməkdaşlarına Fəxri Fərman və Təşəkkürnamə, rütbələr və döş nişanları, pul mükafatı verilib. Tədbirdə veteran polis işçiləri isə hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər