Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 iyun 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.
Bu münasibətlə bu gün şəhərin mərkəzində yerləşən Gənclər Mərkəzinin qarşısında çağırışçıların təntənəli şəkildə yola salınması mərasimi keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Qarabağ müharibəsi əlilləri, çağırışçılar, onların valideynləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətini, ordu quruculuğundakı xidmətlərini özündə əks etdirən filmə baxıblar.
Daha sonra tədbir Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək rayon rəhbəri Rəcəb Babaşovun adından tədbir iştirakçılarını salamlayıb, bu əlamətdar gün münasibətilə çağırışçıları, onların valideynlərini təbrik edib, gözaydınlığı verib. Sonra ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlərin ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olduğunu bildirib. Əsası ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin bu gün onun layiqli davamçısı ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, bu uğurlu siyasətin nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib. Birinci müavin gənclərlə qürur duyduğunu bildirərək çağırışçılara Vətənin layiqli əsgəri olmağı tövsiyə edib, hərbi xidmətə yola düşən çağırışçı-gənclərə ən xoş arzularını çatdırıb. Vətən qarşısında ən müqəddəs borcu qaytarmağa, şərəfli bir yolu keçəmək üçün yola düşən gənclərə bu yoldan alnıaçıq, üzüağ şəkildə qayıtmağı arzu edib. İşğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan 7 kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 3 iyun 2019-cu il tarixində Sərəncam imzaladığını bildirib. Bu gün həmin Sərəncama əsasən 30-a yaxın gəncin hərbi xidmətə yola düşdüyünü qeyd edib. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib.
Şəhid anası Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər. Çıxış edənlər əsgər getməyin Vətən qarşısında əsl kişilik məktəbini keçmək olduğunu qeyd edərək bu məktəbi qələbə müjdəli zəfərlərlə başa vurmağı arzu ediblər. Vətənpərvərlik hissini özündə əks etdirən bu məktəbdən hər zaman xoş sədalarının eşidilməsini arzulayblar.
Sonra söz məktəblilərə verilib. Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən Ayan Nəbilinin, Fidan Bayramovanın, Aytac Salmanovanın, Akif Mustafayevin, İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi Türkan Rəhimovanın ifasında Vətənə, Azərbaycan əsgərinə həsr olunmuş şeirlər səslənib.
Müğənnilərdən Afiq Cəfərov, Elmir Quşçuyev də bir-birindən şən mahnı töhfələri ilə gənclərə təbriklərini çatdırıblar.
Zurnaçı Nadir Hüseynovun ifasında səslənən hərbi vətənpərvərlik mahnılarının sədaları altında gənclər rəqs ediblər.
Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salınıblar.
Tədbirin sonunda çağırışçı-gənclərlə xatirə şəkilləri çəkdirilib.