Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi uğurla yerinə yetirilir
Artıq bir neçə aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası uğurla yerinə yetirilir. Belə ki, podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel olaraq həyata keçirilir. Sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Koorporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
Şəhərin Bakı, Azadlıq, N.Gəncəvi, Ə.Süleymanov, Ə.Seyidov, S.Vurğun, M.V.Vidadi, M.Carçıyev, M.Hüseyn küçələrində, N.Nərimanov qəsəbəsində su-kanalizasiya xəttinin çəkilişi layihədə nəzərdə tutulduğu qaydada icra olunur. Belə ki, istər kanalizasiya borularının çəkilişi, istərsə də su təchizatı borularının quraşdırılması işlərinin keyfiyyətinə böyük dəqiqliklə nəzarət edilir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev su-kanalizasiya xəttinin çəkilişi aparılan daha bir neçə küçədə olub, mövcud vəziyyətlə maraqlanıb. Birinci müavin çəkilişlər başa çatan Bakı, Ə.Seyidov küçələrində, N.Nərimanov qəsəbəsində ehtiyac olan hissələrə şeben verilməsi, eləcə də küçələrdə səliqə-sahman yaradılması ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Məlumat üçün onu da qeyd edək ki, rayon rəhbərliyi su-kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, mütəmadi olaraq bununla bağlı iclasların keçirilməsi icra başçısının bu sahəyə xüsusi həssaslıqla yanaşmasından xəbər verir.