Seminar təşkil olunmuşdur
Qazax Rayon Mədəniyyət Mərkəzinin akt zalında Qazax və Ağstafa rayonlarının bələdiyyə sədrlərinin və mühasiblərinin iştirakı ilə vergi qanunvericiliyində aparılmış dəyişikliklərə və bələdiyyələrdə mühasibatlıq, arxiv sənədlərinin tərtibinə dair seminar keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Baş İdarəsinin aparıcı məsləhətçisi Zöhrab Fərəcov, Şəmkir Regional Ədliyyə Şöbəsinin böyük məsləhətçiləri Qara Muradov, Heydər Əliyev, Taryel Qəhrəmanov və "Bələdiyyə həyatı" qəzetinin baş redaktoru Vüqar Cəfərov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Qazax RİHBA-da İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Orucov açmış, bu cür tədbirlərin mahiyyəti və əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək seminarın işinə uğurlar arzulamışdır.
Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Baş İdarəsinin böyük məsləhətçisi Zöhrab Fərəcov "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu və bələdiyyələrin qarşısında duran vəzifələr haqqında, Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə Şöbəsinin böyük məsləhətçisi Qara Muradov "Bələdiyylərdə arxiv işinin təşkili" mövzularında çıxış etmişlər. Çıxış seminar iştirakçılarının marağına səbəb olmuş və bələdiyyə qulluqçularının maarifləndirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb etmişdir.
Tədbirin sonunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparılmış və onların sual və təklifləri cavablandırılmışdır.