Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kartof yığımına başlanılıb

12 iyul 2019 | 16:00

El arasında ikinci çörək sayılan kartof dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutur. Qazaxda kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluq da ənənəvi sahələrdən biri hesab edilir. Belə ki, rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür. Bunu ildən-ilə artan kartof sahələrinin hektarından və əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılmışdır. 376 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22 min ton məhsul əldə etmişdir. 2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə artmışdır. Təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Bu da 2017-ci illə müqayisədə 277 hektar çoxdur. Vaxtında və uğurla həyata keçirilən işlərin nəticəsidir ki, qeyd olunan hektardan 29 min 865 ton məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq isə 275 sentner təşkil etmişdir.
İldən-ilə kartof sahələrini artıran qazaxlı sahibkarlar, sadə kəndlilər cari ildə də kartof sahələrini genişləndiriblər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırıblar.
Artıq xeyli müddətdir ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kartof yığımına başlanılan sahələrdə olub, kəndlilərlə görüşüb. Torpaq mülkiyyətçiləri becərdikləri bitkiyə nümunəvi qulluq etdiklərindən sahələrdən bol məhsul yetişdiyini bildiriblər.

Keçidlər