Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb
Son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində bərabər təhsil imkanlarının yaradılması və birbaşa təhsilin səviyyəsinə təsir edən problemlərin həlli məqsədilə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir.
Sevindirici hal isə odur ki, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasət bu gün Qazax rayonunda da uğurla davam etdirilir. Son illər rayonumuzda yeni məktəblərin tikilməsi, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bir daha onu sübut edir ki, təhsil sahəsinə olan qayğı bütün bölgələrimizi əhatə edir. Ən son bu ilin fevral ayında 964 şagird yerlik Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin yenidənqurma və əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilməsi bu söylədiklərimizin bariz nümunəsidir.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Qazaxda həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb. Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin istismara yararsız olması nəzərə alınaraq əsaslı təmir olunması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən daha bir qiymətdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev əsaslı təmirinə başlanılan həmin məktəbdə olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı Əhməd Rəhimov artıq 1 həftədir ki, söküntü işlərinə başlanıldığını bildirib. Görülməsi nəzərdə tutulan işlər haqda məlumat verən iş icraçısı bütün işlərin layihə üzrə həyata keçiriləcəyini qeyd edib.
Məktəb direktoru Samir Hüseynov müəllim və şagird kollektivi adından ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin əsaslı təmirinə görə minnətdarlığını bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyib.
Məktəb direktoru təmir müddətində şagirdlərin məktəbin yaxınlığında yerləşən digər yardımçı binada təhsillərini davam etdirəcəklərini vurğulayıb. Hazırda həmin binada da təmir işlərinə başlanıldığını bildirib.