Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Damcılı mağara düşərgəsində növbəti arxeoloji qazıntılara başlanılıb

18 iyul 2019 | 16:00

Əvvəlki yazılarımızda da məlumat verdiyimiz kimi, 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır.
Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur.
2017-ci il iyulun 17-dən 30-a kimi 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparmışdır. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır.
Üçtərəfli beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdiriblər. 
Bu il isə artıq 4-cü ildir ki, imzalanmış həmin üçtərəfli beynəlxalq memorandum əsasında iyulun 16-dan etibarən növbəti qazıntı işlərinə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Gulaya Həsənova Damcılı qoruğunda olub, nümayəndə heyəti ilə görüşüb qazıntı işləri ilə maraqlanıblar.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva rayon rəhbərliyinə nümayəndə heyəti haqqında məlumat verərək qazıntıların əsasən azərbaycanlı və yaponiyalı arxeoloqlar tərəfindən aparıldığını bildirib. Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayevin bu arxeoloji qazıntılarda iştirak etdiklərini qeyd edib.  
S.Əliyeva Qazaxda ilk dəfə olaraq belə uzunmüddətli qazıntı işlərinin aparıldığını vurğulayıb. Bildirib ki, qazıntıların aparılmasında məqsəd daş dövrünə aid nümunələri əldə etməklə burada qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil də yerli sakinlər olduqlarını öyrənməkdir. Eyni zamanda, neolit dövrü ilə mezolit dövrü arasında olan əlaqəni kəşf etməkdir. Direktor S.Əliyeva qoruqda abadlıq işlərinin aparılmasına, onlara göstərilən diqqət və qayğıya görə də rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını bildirib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Yaqub Məmmədov aparılan qazıntı işləri barədə fikirlərini bölüşərək hər il olduğu kimi, bu il də qazıntılar zamanı xeyli sayda tapıntıların əldə ediləcəyini qeyd edib. Arxeoloji qazıntıları ilkin olaraq avqustun 2-ə kimi davam etdirəcəklərini söyləyib.

Keçidlər