Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir

09 iyul 2015 | 15:00

Qazax rayonunda ölkə Prezidentinin  “Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 29 may 2015-ci il tarixli  Sərəncamın icrası ilə əlaqədar tədbir təşkil olunmuş və gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı təntənəli mərasim keçirilmişdir. Tədbirdə mədəniyyət və təhsil işçiləri, gənclər, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, əmək və müharibə veteranları, valideynlər, ağsaqqallar, Rayon İcra Hakimiyyətinin və SHXÇDX-nın rayon şöbəsinin məsul işçiləri və Qazax Cümə Məscidinin imamı iştirak etmişdir.
Heydər Əliyev adına parkda  təşkil olunmuş mərasimdə tədbir iştirakçıları əvvəlcə,  Ulu Öndər Heydər Əliyevin  xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Mərkəzdə gənc çağırışçılara Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Vüqar Mirzəyev  giriş sözü ilə açaraq gəncləri həqiqi hərbi xidmətə yola salınmaları münasibətilə təbrik etmiş, onlara nümunəvi hərbi xidmət göstərmələrini arzulamışdır.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Tahir Musayev  mərasimdə  çıxış etmişdir. Bildirilmişdir ki, hazırda ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Respublikamızda dünyanın ən güclü, nizami ordularından biri yaradılmışdır. Ordumuzun peşəkarlığı daha da artmışdır. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur. Bu silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.
Tədbirdə qeyd olunmuşdur ki, torpaqlarımız işğal altındadır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, eləcə də hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır. Ölkəmiz vətənin oğullarına, bizim bu gün fəxrlə həqiqi hərbi xidmətə yola saldığımız gənclərə böyük ümidlər bəsləyir. Torpaqlarımızın işğaldan azad olunması onların ordu sıralarında vətənə sədaqətlə xidmət etmələrindən çox asılıdır. Biz  bu gün onlara möhkəm cansağlığı, vətənə sədaqətlə xidmət etmələrini, xidmət etdikləri hərbi hissələrdə komandir və zabit heyətinin əmr və tapşırıqlarını ləyaqətlə, şərəflə yerinə yetirmələrini arzulayırıq.
Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis muavini Şahin Namazov və  başqaları çıxış edərək həqiqi hərbi xidmətə yola salınan gənclərə öz tövsiyə və məsləhətlərini vermiş və onlara ordu sıralarında nümunəvi xidmət arzulamışlar.
Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar Azərbaycan bayrağını öpərək müqəddəs “Qurani-Kərim”in altından keçmişlər və hərbi xidmətə yola salınmışlar.

 

 

Keçidlər