Qazaxda 22 İyul – Milli Mətbuat Günü qeyd olunub
Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən, mətbuat sahəsində çalışan bir qrup jurnalist iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək jurnalistləri bayram münasibətilə təbrik edib, 144-cü ildönümünü qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan söz açıb. Qeyd edib ki, Milli Mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu hər kəsə məlumdur. İcra başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atılması, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğvi milli mətbuatımızın inkişaf etməsinə böyük təkan verdi. Ulu Öndərin diqqəti və qayğısı sayəsində mətbuat sahəsində bəzi problemlərin operativ həllini tapması, qəzetlərin əlavə dəyər və mənfəət vergisindən azad edilməsi, onlara kreditlərin ayrılması bir daha sübut etdi ki ümummilli lider hər zaman jurnalistlərin yanında olub. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Rayon rəhbəri ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin də mətbuat sahəsinə böyük diqqət və qayğı göstərdiyini, onun təşəbbüsü ilə dəfələrlə qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsini xüsusi vurğulayıb. Ulu öndərin mətbuat sahəsi ilə bağlı ənənələrinin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini qeyd edib. “Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır”, - deyən icra başçısı bu gün ölkəmizdə mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin də həyata keçirildiyini bildirib. Milli Mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunmasını, KİV-lərə birdəfəlik yaradımların göstərilməsini, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamları, media təmsilçiləri üçün çoxmənzilli yaşayış binalarının istifadəyə verilməsini mətbuata yüksək dövlət qayğısının tərkib hissəsi kimi qiymətləndirib. Rayon rəhbəri qeyd edib ki, məhz ölkə başçısının jurnalistlərə olan qayğısının nəticəsidir ki, 2010, 2013 və 2017-ci illərdə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında
Respublika Prezidenti İlham Əliyevin bu gün imzaladığı 22 iyul 2019-cu il Sərəncamı bir daha göstərdi ki, dövlətin mətbuat işçilərinə olan qayğısı bundan sonra da davam etdiriləcəkdir.
Mətbuat nümayəndələrindən Elçin İsmayıl, Sərhəd Məmmədov, Sadəddin Həsənov, Nemət Novruzov, Hacı Müvəssəqi, Səhəddin Allahverdiyev, Mahir Qocayev, İlham Mustafayev, Ələddin Qarayev, Fəridə Əbülfəhti çıxış edərək ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd ediblər. Çıxış edənlər dövlət başçısının ölkə həyatının bütün sahələrinə olduğu kimi jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də daim xüsusi diqqət yetirdiyini nəzərə çatdırıblar. Ölkə rəhbəri tərəfindən bu gün imzalanan sərəncamın mətbuat sahəsinə olan diqqət və qayğının parlaq nümunəsi olduğunu qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qələm sahiblərini peşə bayramları münasibətilə bir daha təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.