Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə olub

23 iyul 2019 | 16:00

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin hər zaman, istər sovet dövründə, istərsə də 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu gün də öz əksini tapmaqdadır. Ümummilli liderin təhsillə bağlı apardığı islahatlar hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında təhsil sahəsində qazanılan uğurların təməlində keyfiyyətli təhsillə yanaşı, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi, əsaslı və ya cari təmir olunması da dayanır. Məhz bu amilin əsas götürülməsinin nəticəsidir ki, qəbul edilən Dövlət Proqramlarında bu sahəyə xüsusi önəm verilir və 5 illik proqramın icrasında məktəb tikintisinə geniş yer ayrılır. Təhsilin inkişafına diqqət və qayğı haqqında danışarkən Heydər Əliyev Fondunun bu istiqamətdə atdığı addımları da qeyd etməmək mümkün deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə olan diqqəti və qayğısı bu baxımdan xüsusilə qeyd edilməlidir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi isə fondun və Mehriban xanımın rəhbərliyi altında təhsilin inkişafına göstərilən münasibətin bariz nümunəsidir.
Sevindirici hal isə odur ki, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasət bu gün Qazax rayonunda da uğurla davam etdirilir. Son illər rayonumuzda yeni məktəblərin tikilməsi, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bir daha onu sübut edir ki, təhsil sahəsinə olan qayğı bütün bölgələrimizdə hiss olunmaqdadır. Ən son bu ilin fevral ayında 964 şagird yerlik Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin yenidənqurma və əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilməsini bu istiqamətdə görülən işlərə nümunə göstərmək olar.
Hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salınması bir daha göstərdi ki, təhsil sahəsinə olan qayğı bundan sonra da uğurla davam etdiriləcək. Bu gün Qazaxda həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılması, istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunması təhsil sahəsinə olan qayğının göstəricisi olmaqla yanaşı, həm də Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən qiymətdir.
Qazaxda məktəb tikintisi ilə yanaşı, rayonda fəaliyyət göstərən məktəblərin cari təmir olunması, məktəblərdə səliqə-sahman işlərinin aparılması da daim diqqət mərkəzində saxlanılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cari təmir işləri aparılan Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə olub, görülən işlərlə maraqlanıb. Məktəb binasında, eləcə də həyətdə səliqə-sahman yaradılmasını, ehtiyac olan hissələrdə rənglənmə işlərinin aparılmasını qeyd edib. Görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Məktəbin direktoru Bəsdi Ələkbərova təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə başçısına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Hər zaman təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, bu sahədə çalışan insanlara olan səmimi münasibətinə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.

Keçidlər