İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurulur
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunması öz əksini tapıb. Artıq 10 gündən çoxdur ki, həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb. Məktəbin istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara verilən daha bir töhfədir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xidmət sahələrinin rəhbərləri ilə birlikdə əsaslı təmirinə başlanılan həmin məktəbdə olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı İlqar Səfərov görülən işlər barədə məlumat verərək istər əsas binada, istərsə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin paralel olaraq həyata keçirildiyini bildirib. İkimərtəbəli yardımçı binanın birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otağın yerləşdiyini və işlərin layihə üzrə həyata keçirildiyini qeyd edib. Bu binada söküntü işlərinin tam başa çatdığını və hazırda suvaq işlərinin görüldüyünü bildirib. Bundan əlavə, dam örtüyünün vurulması üçün alt hissənin hazır olduğunu söyləyib.
İş icraçısı əsas məktəb binasında görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, hazırda dam örtüyünün vurulması üçün kəmər tökülür, yaxın günlərdə də çatqı qurularaq örtüklərin vurulmasına başlanılacaq. Üçmərtəbəli binanın 3-cü mərtəbəsində söküntünün tam yekunlaşdığını və suvaq işlərinə başlanıldığını diqqətə çatdırıb. Digər mərtəbələrdə isə söküntü işlərinin davam etdirildiyini bildirib.
İ.Səfərov məktəbin təmirinə böyük bir işçi qüvvəsinin, əsasən də rayon sakinlərinin, kənd camaatının cəlb olunduğunu, hazırda usta və fəhlə işləri olmaqla 80-ə yaxın kənd sakininin tikintidə işlədiyini qeyd edib.
Görülən işlərlə tanış olan rayon rəhbəri məktəbdə xidmət sahələri ilə bağlı məsələlərin həll olunması üçün aidiyyəti üzrə tapşırıq verib. Digər məktəblərdə olduğu kimi, Kosalar məktəbində də bütün işlərin keyfiyyətlə həyata keçirilməsini vurğulayıb.
Məktəb direktoru Samir Hüseynov müəllim və şagird kollektivi adından ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı təmirinə görə minnətdarlığını bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərinin istər müəllimlər, istərsə də şagirdlər tərəfindən böyük sevinc hissi ilə qarşılandığını söyləyib.
Kənd sakini Tariyel Nəsibov da son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə, Birinci vitse-prezidentə kənd sakinlərinin adından minnətdarlığını çatdırıb. Xüsusilə də məktəbin tikintisinə kənd sakinlərinin cəlb edilməsini yüksək qiymətləndirib. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Kosalar kənd tam orta məktəbin əsaslı təmirinin gələcəyimiz olan uşaqlara olan qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Məlumat üçün onu da qeyd edək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.