Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında mövcud vəziyyətlə maraqlanıb

30 iyul 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında olub, mövcud vəziyyətlə maraqlanıb. Vətəndaşların rahat şəkildə istirahət etmələri üçün yaradılan şəraitlə, onlara göstərilən xidmətlərlə tanış olub. Qoruğun ərazisində yaradılan səliqə-sahmanla, sakinlərə göstərilən xidmətlərlə bağlı aidiyyəti şəxslərə bəzi tapşırıq və tövsiyələrini verib.
Sonra rayon rəhbərinə qoruq ərazisində aparılan qazıntı işləri barədə də məlumat verilib. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, həmin il 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanıb. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanıb.
Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi "Avey” DTMQ-nun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanılıb. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilib.
2017-ci il iyulun 17-dən 30-a kimi 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparıb. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılıb.
Üçtərəfli beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfə Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdiriblər.
Bu il isə artıq 4-cü ildir ki, imzalanmış həmin üçtərəfli beynəlxalq memorandum əsasında iyulun 16-dan etibarən növbəti qazıntı işlərinə start verildiyi və artıq yekunlaşmaq üzrə olduğu bildirilib.
Qazıntıların əsasən azərbaycanlı və yaponiyalı arxeoloqlar tərəfindən aparıldığı qeyd edilib. Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayevin bu arxeoloji qazıntılarda iştirak etdikləri vurğulanıb.

 

Keçidlər