Ürkməzli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Ürkməzli kəndində sakinlərlə növbəti səyyar görüş keçirilib. Dövlət başçısı İlham Əliyevin vətəndaşlara göstərilən diqqət və qayğı ilə bağlı verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq keçirilən görüşdə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açılıb. Respublikamızın bütün regionları ilə yanaşı, Qazaxda da son 3 ildə təqdirəlayiq işlərin görüldüyü, qazanılan uğur və nailiyyətlərin ildən-ilə artması, bütün sahələr üzrə həyata keçirilən işlərin geniş miqyas alması vurğulanıb. Bundan başqa, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran vəzifələrdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, keçirilən görüşün məqsəd və əhəmiyyətini qeyd edib. İcra başçısı istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin məhz yerlərdə vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, bu sahədə əməli işlərin görülməsinə xidmət etdiyini bildirib. Təkcə bu ildə üçüncü dəfə görüşə gəldiyini qeyd edən rayon rəhbəri bu görüşün də mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
İcra başçısı hazırda rayonda görülən işlərdən söhbət açaraq uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri olan su-kanalizasiya sisteminin çəkilişindən söz açıb. Artıq bu məsələnin də ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib.
Görüşdə mərkəzi xəstəxana binasının tikintisindən də danışılıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması qeyd olunub.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib.
İcra başçısı Dövlət Proqramında əksini tapan digər məsələlərdən də söz açıb. Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Artıq həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını qeyd edib. Bundan əlavə, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı Ürkməzli kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu söyləyib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Ürkməzlidə də SİP kabelləşmə işinin tam başa çatdırılacağını bildirib. Qazaxda əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını, bu gün Qazax rayonunun 100 faiz qazlaşdırılmış bölgələrimiz sırasında dayandığını qeyd edib. Bütün bunlarla yanaşı, rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılmasının da uğurla həyata keçirildiyini, bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü işlər görüldüyünü qeyd edib.
"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan çoxsaylı sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paket bir daha sübut etdi ki, bu sərəncamlar, həyata keçirilən tədbirlər bundan sonra da uğurla icra olunacaqdır. İstər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.
Görüşdə erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını qeyd edib.
Kənd sakinlərdən Bəturə Osmanova, Faiq Osmanov, İlqar Miralayev, Şakir Mamedov, işçi qrupunun üzvü Süleyman Rzayev, Mürsəl Mürsəlov, Qeysər Əliyeva, Nüsrət Musayev, Minarə Süleymanova, Səfər Babayev, Nəzakət Rəhimova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən də Ürkməzlidə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Daş Salahlı-Dəmirçilər-Ürkməzli yolunun yenidən qurulmasını sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə təsərrüfatların suvarma suyu ilə təmin olunması, bağçanın açılması, SİP kabelləşmənin davam etdirilməsi, rabitə xətlərinin səliqəyə salınması, məktəbin qarşısına tramplin qoyulması və müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.