Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun 80 illik yubileyi qeyd olunub

31 iyul 2019 | 16:00

Bu gün bütün dünyada qərbin qapısı sayılan, sazın, sözün beşiyi hesab edilən, tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda hər kəsin Dədə Ədalət deyə müraciət etdiyi Əməkdar incəsənət xadimi, Aşıq Ədalət Nəsibovun günü yaşanıb. Dədə Ədalətin sazına, sözünə, şəxsiyyətinə, sənətinin böyüklüyünə dəyər verib yüksək qiymətləndirənlər ustad aşığın ömür yoluna nəzər salıb, Azərbaycan mədəniyyətinə, aşıq, ozan sənətinə bəxş etdiyi saysız-hesabsız saz havalarından söhbət açıblar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun 80 illik yubileyi qeyd olunub.
Qazax Gənclər Mərkəzində keçirilən yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan - Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, akademik Şahin Mustafayev, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal, Bakı Dövlət Universitetinin mülkü hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva, professor Alxan Məmmədov, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahmud Allahmanlı, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov və digər ziyalılar, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, şairlər, aşıqlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Dədə Ədalətin Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsini ziyarət ediblər. Böyük ustadın ruhuna dua oxunduqdan sonra tədbirə toplaşanlar abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra tədbir Gənclər Mərkəzində davam etdirilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubiley tədbirini açıq elan edərək qazaxlılar üçün əlamətdar olan hadisələrdən söz açıb. İstər 2018-ci ilin, istərsə də 2019-cu ilin qazaxlılar üçün yaddaqalan hadisələrlə zəngin olduğunu qeyd edib. Respublika Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli sərəncamı ilə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu, bununla bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, ölkə rəhbərinin 28 yanvar 2019-cu il tarixli sərəncamına əsasən qazaxlılar daha bir əlamətdar hadisənin sevincini yaşadı. Bu əlamətdar hadisə isə Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı imzalanmış sərəncamla bağlıdır. Bu gün hər bir qazaxlı həmin sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayır. Ölkə başçısının öz ziyalısına, görkəmli şəxsiyyətlərinə, ən əsası da biz qazaxlılara verilən yüksək dəyər kimi qiymətləndirir. B.Vüsal dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi, Qazaxda büstünün qoyulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin qazaxlı ziyalılara verilən daha bir yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Son 3 ildə rayon rəhbərliyinin bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə, şairlərə, yazıçılara, aşıqlara hər zaman yüksək dəyər verdiyini vurğulayıb və bu sahədə görülən işlərdən söz açıb. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasını bu sahəyə olan diqqət və qayğının əyani sübutu kimi göstərib. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən aşıq sənətinə, aşıqlarımıza da hər zaman yüksək dəyər verdiyini qeyd edən B.Vüsal bu sahədə görülən işlərdən danışıb. Bu gün 80 illik yubileyini qeyd etdiyimiz Dədə Ədalətin qəbirüstü abidəsinin qoyulmasını, Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstləri saz sevərlərə, sözə dəyər verənlərə göstərilən etimadın, diqqət və qayğının bir hissəsi kimi qeyd edib.
Ədalət Nəsibovun Azərbaycan aşıq sənətində göstərdiyi misilsiz xidmətlərdən söz açan B.Vüsal qeyd edib ki, bu gün Dədə Ədalətin 80 illik yubileyinin belə yüksək səviyyədə qeyd olunması Ədalət məktəbinə, sazına, şeirlərinə, aşıq ucalığına verilən qiymətdir. Bu gün Ədalət Nəsibovun ruhunun şad olan günüdür. Bildirib ki, bu gün bizlər ustad aşığa ucaldılmış həmin abidəni ziyarətgah kimi qəbul edirik və hər zaman ona olan ehtiramımızı bildiririk. Bugünkü yubiley tədbiri də bunun bariz nümunəsidir. Eyni zamanda da Ədalət sevərlər üçün bir töhfədir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün qonaqları, Ədalət sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın qərb bölgəsində yerləşən Qazaxda zaman-zaman çox böyük insanlar dünyaya gəlib. Zaman keçdikcə həmin şəxslər sözümüzə, sazımıza, ədəbiyyatımıza, tariximizə, mənəviyyatımıza, elmimizə, ziyalılığımıza, hərb sənətinə, idmanımıza böyük şöhrət gətirmiş şəxsiyyətlərə çevrilmişlər. Həmin nəhəg simalar sırasında ustad Aşıq Ədalət Nəsibovun da yeri zirvədədir və xidməti müstəsna əhəmiyyətə malikdir. O Aşıq Ədalət ki, çaldığı sazın şöhrəti bütün türk dünyasına yayılıb. İcra başçısı qeyd edib ki, 60 ildən çox Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Ədalət bu gün bütün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq.
Sonra Aşıq Ədalətin 80 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək Prezident İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açıb. Qeyd edib ki, aşıq sənətinə verilən ən böyük qiymətin bariz nümunəsi YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr–2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsidir.
Hər zaman qərbin qapısı sayılan Qazaxın həm də ziyalılar yurdu olduğunu qeyd edən M.Qasımlı bildirib ki, bu torpaq Azərbaycan ədəbiyyatına Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn və adlarını sadalamadığımız saysız-hesabsız ziyalılar bəxş edib. Qeyd edib ki, bu gün hər bir qazaxlı həmin ziyalılarla fəxr edir və qürur hissi keçirir. Qazaxlılar həm də ona görə xoşbəxtdirlər ki, bu elin, obanın Dədə Ədalət kimi ustad bir aşığı olub. Elə bir ustad ki, həm Qazax torpağını, həm də bütöv Azərbaycanı öz aşıq havaları ilə dünyada tanıdıb. Bu gün hər bir azərbaycanlı ustad aşıqdan söhbət düşərkən iki şeyi xatırlayır – Ədalətin sazını və sazın Ədalətini. Çünki Dədə Ədaləti sazsız, sazı da Ədalətsiz təsəvvür etmək mümkün deyil. Ustad aşığın 4 mindən çox şeir külliyatına sahib olduğunu bildirən M.Qasımlı onun sazının, aşıq havalarının daim qəlblərdə yaşayacağını, hər zaman sevilərək dinləniləcəyini, hətta, gələcək nəsillər üçün ən böyük xəzinə olduğunu bildirib. Azərbaycan xalqı var olduqca Dədə Ədalətin Azərbaycan aşıq sənətindəki yerinin də daim zirvələrdə olacağını vurğulayıb. 
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov çıxış edərək bugünkü yubiley tədbirinin qazaxlılar, xüsusilə də Ədalət sevərlər üçün bir töhfə olduğunu bildirib. Aşıq Ədalət Nəsibovun təkcə Qazaxın deyil, bütöv Azərbaycanın sevdiyi, hörmət etdiyi şəxsiyyət, böyük ustad olduğunu söyləyib. Qeyd edib ki, bu gün qəbirüstü abidəni ziyarət edərkən bir daha əmin olduq ki, bizlər təkcə Dədə Ədaləti deyil, eyni zamanda sazın abidəsini ziyarət edirik. İ.Pirməmmədov Azərbaycan Respublikasının Xalq rəssamı, “Şöhrət” ordenli Natiq Əliyevin böyük əməyi sayəsində ərsəyə gələn həmin abidəni saza qoyulmuş abidə kimi qiymətləndirib.
Yubiley tədbirində iştirak edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov da Dədə Ədalət haqqında ürək sözlərini çatdırıb. O, Ədalət Nəsibovun aşıq sənətində dahi bir sənətkar, böyük ustad olduğunu bildirib. Qeyd edib ki, Dədə Ədalətin böyüklüyü onda oldu ki, o, sazı vasitə kimi istifadə edilən bir alət olaraq deyil, müqəddəs ozan sənətini yaşadan bir alət kimi bütün dünyaya tanıtdı. O, saysız-hesabsız aşıq havalarının mahir ifaçısı kimi sazı hər kəsə sevdirməyi bacardı. Öz gözəl solo saz ifaları ilə sağlığında belə ölməzliyi qazanan bir ustad olduğunu bütün dünyaya sübut etdi. Bildirib ki, bu gün Dədə Ədalətin abidəsinin məhz Qazaxda olması bu yurdun böyüklüyünü bir daha nümayiş etdirir.
Akademik Şahin Mustafayev çıxış edərək rayonda görülən işləri, xüsusilə də mədəniyyət, ədəbiyyat sahəsinə göstərilən diqqəti yüksək qiymətləndirib. Aşıq Ədalət Nəsibov şəxsiyyətinin, onun sazının qüdrətinin, barmaqlarının hökmünün hər zaman yüksəklərdə dayandığını vurğulayıb. Aşıq sənətinin sevilməsində Dədə Ədalətin müstəsna xidmətləri olduğunu, saz havalarının böyük əhəmiyyət daşıdığını qeyd edib. Natiq çıxışı zamanı muğamı və aşıq sənətini təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin sərvəti kimi qiymətləndirib.
ADNSU-də Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal çıxış edərək Aşıq Ədalət Nəsibovun nəinki Azərbaycan xalqı, eləcə də bütün türk dünyasının sevilən sənətkarı, böyük ustadı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Dədə Ədalətin böyüklüyü onda idi ki, o, özünə həsr olunmuş bütün şeirləri əzbər bilirdi. Eyni zamanda söylədiyi dastanların qəhrəmanına çevrilirdi. Bu da təbii ki, Dədə Ədalətin böyük ustalığından, onun ustad aşıq olmasından irəli gəlirdi.
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu çıxış edərək bildirib ki, Aşıq Ədalət ilk növbədə sazın özünü təkmilləşdirdi, saza yeni imkanlar gətirdi. Bundan sonra saz havalarını həmin imkanlara uyğunlaşdırdı. Onun sazda ifa etdiyi musiqi əsərlərinin müəllifi özüdür və bunlar klassik havalardan fərqlidir. Sevindirici haldır ki, bu gün Qazaxda Aşıq Ədalət məktəbinin çox istedadlı davamçıları yetişir. Samir, İlqar, Əsgər, Niyaməddin, Coşqun, Şahin, İsmayıl kimi gənclərimiz var. Bu gənclərimiz Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində, sözün yaxşı mənasında nəzarətində olmalıdır.
Daha sonra söz aşıqlara verilib. Dədə Ədalətlə bağlı xatirələrindən söz açan aşıqlar onun gələcək nəsillər üçün miras qoyduğu aşıq havalarının hər zaman yüksəkdə dayandığını bildiriblər. Aşıqlardan Camoy Qurbanovun, Avdı Musayevin, Hüsən Kəmərlinin, Kifayət Şəmistanqızının, Hüseyn Əzizoğlunun, Hacı Abdıyevin, Şaiq İncəlinin, Əfsanə Kərimlinin, Yaşar Gülümcanovun, Saqif Məzəmlinin, Nailə Qurbanovanın, Qəmər Salahlının, Şahin Süleymanovun, Qazax şəhər 2 saylı musiqi məktəbinin gənc aşıqlar ansamblının bir-birindən şən-şux saz havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sazın simlərində Dədə Ədalətin saz havaları bir daha könüllər oxşayıb.

 

Keçidlər