Qazaxda Milli Mətbuat günü qeyd olunmuşdur
Qazax rayonundakı Heydər Əliyev Mərkəzində 22 iyul - Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış, abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Allahquliyeva “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxış edərək Ulu öndərin mətbuat sahəsindəki xidmətlərindən danışmışdır.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək mətbuat işçilərini bayram münasibətilə təbrik etmiş, 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan söz açmışdır. Qeyd etmişdir ki, Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu hər kəsə məlumdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğvi xatırlanaraq, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsini xüsusi vurğulamışdır.
Respublika Prezidentinin Sərəncamına əsasən “Əməkdar jurnalist” adına layiq görülmüş Sərhad Məmmədov çıxış edərək onun əməyinə verilən bu yüksək qiymətə görə Respublika Prezidenti İlham Əliyev cənablarına dərin minnərdarlığını bildirmişdir.
MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl və başqaları çıxış edərək Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirmiş, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənablarının mətbuata göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Tədbir Gənclər Mərkəzində çay süfrəsi arxasında davam etdirilmişdir.
Sonda bayram münasibətilə milli mətbuatın inkişafındakı xidmətlərinə görə bir qrup jurnalistə hədiyyələr təqdim olunmuşdur.