Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı müsabiqə və festival iştirakçıları ilə görüşüb

01 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətində 15 aprel 2019-cu il tarixdə Bakı şəhərində keçirilən məktəblilərin ”Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda Respublika müsabiqəsində və 19–26 iyun 2019–cu il tarixdə Quba şəhərində keçirilən “Alovlu Qafqaz” adlı Uşaq-Gənclər Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalında iştirak edən Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ilə görüş keçirilib. Görüşdə müsabiqə və festivalın qalibləri olan məktəblilər, mərkəzin əməkdaşları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün qalibləri qazandıqları nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edib, onların uğurlarını bütün rayon məktəblilərinin uğuru kimi qiymətləndirib.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyətindən söz açan icra başçısı gənc və yeniyetmələrin, məktəblilərin pis vərdişlərdən uzaq olmasında, sağlam düşüncəli gəncliyin formalaşmasında mərkəzdə fəaliyyət göstərən dərnəklərin böyük əhəmiyyət daşıdığını bildirib.
İcra başçısı qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də özümə borc bildim ki, bu gözəl balalarla görüşüb təbriklərimi çatdırım. Onların sevinclərinə şərik olaraq nailiyyətlərini qiymətləndirim. Əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirməkdir.
Qazaxın bütün sahələrdə hər zaman nümunə olduğunu qeyd edən rayon rəhbəri vurğulayıb ki, rayonun keçmişi, bu günü və gələcəyi, xüsusilə də rayonun bugünkü inkişafı bunu söyləməyə əsas verir. Sonda qazandıqları uğurlara görə təşəkkürünü çatdıran rayon rəhbəri məktəblilərə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb.
Məktəblilərlə səmimi söhbət edən icra başçısı müsabiqə və festivalla bağlı onların təəssüratlarını da öyrənib.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, mərkəzin eko biomüxtəliflik dərnəyinin rəhbəri Pərvanə Həsənova, bacarıqlı əllər dərnəyinin rəhbəri Nüşabə Hacıyeva çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, onlara göstərilən bu səmimi münasibətə görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün istər müəllimlərin, istərsə də şagirdlərin əməyinə verilən ən yüksək qiymət olduğunu qeyd ediblər.
Səmimi söhbət əsasında keçən görüşdə məktəblilərə hədiyyə təqdim olunub və sonda xatirə şəkli çəkdirilib.
Məlumat üçün qeyd edək ki, 15 aprel 2019-cu il tarixdə Bakı şəhərində keçirilən məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda Respublika müsabiqəsində iştirak edən UGİM-nin dərnək üzvlərindən - Çaylı kənd 2 saylı tam orta məktəbin şagirdləri Röya Alıyeva heyvandarlıq nominasiyası üzrə, Fateh Orucov və Nihat Qaraxanov isə dənli bitkilər nominasiyası üzrə I yerə layiq görülüblər.
19-26 iyun 2019-cu il tarixdə Quba şəhərində keçirilən “Alovlu Qafqaz” adlı Uşaq-Gənclər Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalında iştirak edən mərkəzin digər dərnək üzvlərindən - şəhər 1 saylı tam orta məktəbin şagirdi Kamil Əmrahov yaradıcılıq nominasiyası üzrə I yeri, Kosalar kənd tam orta məktəbin şagirdi Teybə Quluzadə isə eyni nominasiya üzrə II yeri qazanıb.

Keçidlər