Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Səmərəli ünsiyyət” mövzusunda seminar keçirilmişdir

24 iyul 2015 | 15:00

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının yerli özünüidarəetmə Proqramı  tərəfindən 2012-ci ildən yerli idarəetmədə təmsil olunan qadınlar üçün DAYAQ layihəsi həyata keçirilməkdədir. Layihənin təşkil olunmasında əsas məqsəd qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və yerlərdə  daha çox gender yönümlü idarəetməni təmin etməkdir. Layihə daxilində yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər bələdiyyəyə üzv olan qadınlar tərəfindən uğurla həyata keçirilmişdir.
Layihə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də rayonumuzda təşkil olunmuşdur. Qazax Rayon Mədəniyyət Mərkəzində “Səmərəli ünsiyyət” mövzusunda keçirilən seminarda yerli idarəetmədə bələdiyyə üzvləri olan qadınları iştirak etmişlər.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qadınların cəmiyyətdə fəallığının artırılması istiqamətində təşkil edilən belə bir layihənin bölgələrdə də həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Qeyd etmişdir ki, tam əminlikdə qeyd edə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasəti bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə ölkəmizin birinci xanımı Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə nümunə olmuşdur. Onun həyata keçirdiyi çoxşaxəli layihələr istər Azərbaycanda, istərsə də xaricdə yüksək nüfuz qazanmışdır.
Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyin sədri Lyudmila Xəlilova seminarda çıxış edərək layihənin məqsədi, vəzifələri və həyata keçirdiyi tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, demokratik inkişaf yolu seçən hər bir müasir cəmiyətdə zamanın dinamikası yeni vərdişlər, yeni bacarıqlar tələb edir. Bu da qadınları cəmiyyətin həyatında daha fəal iştirak etməsinə gətirib çıxarır. Ümummili Lider Heydər Əliyevin “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratmışdır. Artıq 4 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə layihələr reallaşdırır. Onlardan biri də qadın bələdiyyə üzvləri üçün “Dayaq” Mentorluq Proqramının icrasıdır.
Təlim seminarda iştirak edən Almaniya Əməkdaşlıq Təşkilatının Yerli Özünüidarəetmə Proqramının nümayəndəsi Fidan Qasımova çıxış edərək qadınlarımızın müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açmış, onların ildən-ilə fəallığının artmasından danışmışdır.
Sonra “Səmərəli ünsiyyət” mövzusunda müzakirələr olmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, ətraflı fikir mübadiləsi aparılmışdır.
Yekunda iştirakçılara metodiki vasitə kimi kitabça paylanılmışdır.

Keçidlər