Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda suvarma suyunun və əkin sahələrində aparılan şumlamanın mövcud vəziyyəti ilə bağlı iclas keçirilib

10 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətində rayonun içməli və suvarma suyunun, eləcə də kəndlərdə əkin sahələrində aparılan şumlamanın mövcud vəziyyətinə dair iclas keçirilib. İcra aparatının məsul işçilərinin, Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda qeyd olunan məsələlərlə bağlı görülən işlərin hazırki durumu geniş müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək havaların quraq keçməsi ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi, son günlər Qazaxda da suvarma suyu ilə bağlı müvəqqəti çətinliklərin yarandığını bildirib. Qeyd edib ki, son günlər Ağstafaçay su anbarında suyun səviyyəsinin aşağı olması ilə əlaqədar olaraq rayonun bəzi kəndlərində içməli və suvarma suyunun verilməsində fasilələr yaranıb. Rayon rəhbəri bu gün rayonda su məsələsi ilə bağlı yaranan mövcud vəziyyəti nəzərə alaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşmağı, hazırki durumu onlara izah etməyi bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. İcra başçısı sakinləri narahat edən hər bir məsələyə daha operativ şəkildə baxılmasını, əldə olan imkanlardan maksimum dərəcədə səmərəli istifadə edilməsini qeyd edib. Yaranmış vəziyyətlə bağlı həlli mümkün olan nə varsa edilməsini vurğulayıb. Sudan qənaətlə istifadə olunmasını və bunun üçün növbəlilik qrafikinə də ciddi əməl edilməsini, heç bir vətəndaşın hüquqlarının pozulmamasını bildirib. Əldə olan imkanlardan bütün vətəndaşların səmərəli şəkildə istifadə etmələri üçün lazımi tədbirlərin görülməsini qeyd edib.
İcra başçısı su ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün rayonda fəaliyyət göstərən subartezian quyularının daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü işlərin görüldüyünü də diqqətə çatdırıb. Vətəndaşlar tərəfindən subartezian quyuları bağlı müraciətlərə dərhal reaksiya verilməsini, aidiyyəti təşkilatlar tərəfindən yerində baxış keçirilməsini və həlli mümkün olan nə varsa edilməsini qeyd edib. Bundan əlavə, təmirə ehtiyacı olan subartezian quyularında görülən işlərə, verilən tapşırıqlara ciddi əməl olunmasını, daim nəzarətdə saxlanılmasını vurğulayıb.
İclasda əkin sahələrinin şumlaması ilə bağlı görülən işlərdən də danışılıb. Qeyd olunub ki, bütün kəndlər üzrə əkin sahələrində artıq şumlamaya başlanılıb. Bu günə qədər 2448 hektar sahədə şumlama aparılıb.
Sonda rayon rəhbəri istər suvarma, istərsə də şumlama ilə bağlı kəndlərdə mövcud olan vəziyyəti öyrənmək üçün kənd icra nümayəndələrini və bələdiyyə sədrlərini dinləyib. Qeyd olunan məsələlərlə bağlı görülən işlərin sürətləndirilməsi istiqamətində bir daha tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər