"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Qazaxda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov avqustun 16-da Qazax şəhərində Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Ulu Öndər Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbulda Qazax və Ağstafa rayonlarından olan 36 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya xidmətlərinin, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.