Qazaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir
Ədəbiyyat Muzeyinin akt zalında keçirilən konfransda təhsil sahəsində çalışan qabaqcıl müəllimlər, məktəb direktorları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin muzeydəki büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı tədbiri giriş sözü ilə açaraq konfransın gündəliyi barədə tədbir iştirakçılarına məlumat vermişdir. Reqlament təsdiq edildikdən sonra konfrans öz işinə başlamışdır.
N.Babanlı geniş hesabat məruzəsi ilə çıxış edərək 2014-2015-ci tədris ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş ölkələrin hamısında davamlı iqtisadi inkişaf insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Təsadüfi deyildir ki, BMT XXI əsri “Təhsil əsri” adlandırmışdır. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”- müddəasını strateji vəzifə kimi qarşıya qoymuş ümummilli lider Heydər Əliyevin bu fikirlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikirləri ilə tamamlamışdır. Təhsili cəmiyyətin ən prioritet sahəsinə çevirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın davamlı inkişafını bilavasitə təhsilin inkişafında görür. Artıq neçə ildir ki, respublikamızda təhsil sisteminin müxtəlif istiqamətləri üzrə ciddi islahatlar həyata keçirilir. ”Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konserpsiyasında qeyd olunduğu kimi, “son illərdə nəzərə çarpan nailiyyətlərin əldə olunması ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə bağlıdır”. Ölkədə aparılan sosial yönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən bir çox təhsil, səhiyyə, mədəniyət və idman obyektləri istifadəyə verilmişdir. Cənab Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə yeni təhsil sisteminin qurulması və bu məqsədlə Təhsil islahatlarının uğurla davam etdirilməsi baxımından sosial-iqtisadi əhəmiyyətli sənəd kimi dəyərləndirilir, orada təhsilin bütün pillələri ilə yanaşı şəxsiyyətin formalaşmasını bir vəzifə kimi qarşıya qoyulur. Qloballaşan dünyada baş verən prosesləri nəzərə alaraq son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, onun normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrinin şəbəkəsi daha da genişləndirilmiş, təhsil işçilərinə diqqət və qayğı artırılmışdır. Son 10 ildə rayonda "Heydər Əliyev Fondu" nun dəstəyi ilə 4, dövlət vəsaiti hesabına 18 məktəb binası tikilib istifadəyə verilmişdir. Nəticədə 7680-dən artıq şagirdin yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb binalarında təhsil alması təmin olunmuşdur.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Ağköynək kənd tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Sədaqət Əmirxanova, yeni əmək fəaliyyətinə başlamış şəhər 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zinyət Əliyeva, şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi, fənn olimpiadasının qalibi İlham Mirzəyev çıxış edərək ötən tədris ilində təhsil sahəsində istər şagirdlərin, istərsə də müəllimlərin qazandıqları uğurları qeyd edərək bu sahədə ciddi irəliləyişlərin olduğunu bildirmişlər. Ali məktəbə qəbul olan məzunlar adından 600-dən çox bal toplamış Yuxarı Salahlı kənd tam orta məktəbin məzunu Nəzakət Bayramova çıxış edərək bütün tələbə adını qazanmış məzunları təbrik etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov konfransda çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi özünün mütərəqqi yeniliklərlə müşayiət olunan mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsinin daha da genişləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər, təhsil işçilərinə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Bu gün təhsil sahəsində əldə edilən nailiyyətlər, qazanılan uğurlar eyni zamanda hörmətli millət vəkili, "Heydər Əliyev Fondu"nun Prezidenti Mehriban xanım Əliyevanın böyük dəstəyi nəticəsində əldə edilən irəliləyişdir.
Milli Məclisin deputatları Əhməd Vəliyev və İlyas İsmayılov konfransda çıxış edərək bütün müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışlar.Təhsil Nazirliyinin nümayəndəsi İlham Pirməmmədov çıxışında zamanı təhsilin indiki vəziyyətini təhlil etmiş və təhsildəki yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açmışdır.
Daha sonra konfransın qərar layihəsi oxunmuş və səsə qoyularaq yekdilliklə qəbul edilmişdir. Rayon təhsil şöbəsi şurasının və metodşuranın tərkibi haqqında qərar qəbul edilərək təsdiq olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.
Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov qəbul imtahanlarında yüksək bal toplamış məzunlara, qabaqcıl təhsil işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etmişdir.