Şriftin ölçüsü :

Saytın rəngi :

Aqroparklar ərzaq təhlükəsizliyinin əsas təminatçısına çevrilir

24 avqust 2019 | 16:00

Son illər həyata keçirilən islahatlar həm ölkənin sosial-iqtisadi inkişafında, həm də iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı çoxsaylı sərəncam və fərmanlara əsasən bu gün aqrar sektorda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın.

Əhalinin ərzaq təminatında başlıca rolu olan aqroparkların yaradılması isə bu inkişafa dinamik xarakter verir. Məhz bunun nəticəsidir ki, artıq qısa vaxt ərzində ölkə ərazisində 21 aqropark fəaliyyətə başlamışdır. İlin sonunadək isə onların sayının 50-yə çatdırılması nəzərdə tutulur.

Qazax rayonunda da geniş ərazini əhatə edən aqropark salınmış və onun inkişafı istiqamətində xeyli iş görülmüşdür. İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən yaradılan aqropark həm kənd təsərrüfatının inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyətə malikdir.

Parkın torpaq sahələrinin suvarılması üçün 13,5 kilometr məsafədən su və bunun davamı kimi sahədaxili suvarma məqsədilə uzunluğu 18 kilometr olan yeraltı suvarma xətləri çəkilmişdir. Bundan əlavə, aqropark daxilində sahəsi 1600 kvadratmetr olan anbar, tutumu 2670 ton olan çoxfunksiyalı soyuducu anbar, ikimərtəbəli inzibati ofis binası tikilmiş, texnikaların saxlanması üçün böyük talvar quraşdırılmışdır.

Aqroparkın elektrik təchizatı üçün isə 13,2 kilometr uzunluğunda hava xətti çəkilmiş, müxtəlif güclü 4 transformator, həmçinin 3 nasos quraşdırılmışdır. Su ilə təminata gəldikdə, bu sahədə də az işlər görülməmişdir. Belə ki, Xram çayı sahilində sahilbərkitmə işləri görülərək irihəcmli nasos stansiyası və suqəbuledici inşa edilmiş, torpaqların su ilə davamlı təminatı üçün 2-ci və 3-cü pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 su anbarı inşa edilmişdir.

Aqroparkın idarə işləri üzrə şöbə müdiri Seymur Əhmədov söhbət zamanı dedi ki, həyata keçirilən tədbirlər nəticəsiz qalmır. "Cari il 300,05 hektarda kartof, 463 hektarda buğda, 140,1 hektarda arpa, 5 hektarda noxud, 5 hektarda yazlıq, 20 hektarda payızlıq yerkökü, 74,7 hektarda qarğıdalı, 44,50 hektarda isə soya əkmişik. Artıq taxıl biçini başa çatmışdır. Hazırda kartof və yerkökü yığılır. Yığılan məhsullar çeşidlənərək soyuducu anbarlara vurulur”.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər