İcra başçısı İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbdə görülən işlərlə maraqlanıb
Son illər ölkə başçısının rəhbərliyi altında Azərbaycanda dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edən təhsil sahəsində qazanılan uğur və nailiyyətlər hər kəsə yaxşı məlumdur. Bunu müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, qəbul olunan Dövlət Proqramlarında bu sahəyə xüsusi önəm verilməsindən və 5 illik proqramın icrasında məktəb tikintisinə geniş yer ayrılmasından da aydın şəkildə görmək olur.
Dövlətimizin və ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da hiss olunmaqdadır. Son dövrlər rayonda yeni məktəblərin tikilməsi, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bunu söyləməyə əsas verir. Məktəb tikintisi ilə yanaşı, rayonda fəaliyyət göstərən məktəblərin cari təmir olunması, məktəblərdə səliqə-sahman işlərinin aparılması da daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Ötən yazımızda İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbdə cari təmir işlərinin aparılması barədə məlumat vermişdik.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə həmin məktəbdə olub görülən işlərlə maraqlanıb.
İş icraçısı Lətif Həsənov görülən cari təmir işləri barədə məlumat verərək hər 3 mərtəbədə rənglənmə işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib.
Görülən işlərlə tanış olan rayon rəhbəri məktəb binası ilə yanaşı, həyətdə də səliqə-sahman yaradılmasını qeyd edib. Görülməsi nəzərdə tutulan digər işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva məktəbin təmirinə görə rəhbərlik etdiyi kollektiv adından bir daha minnətdarlığını bildirib.