Qazaxda şəhid Qaratel Hacımahmudovanın adını daşıyan bulaq yenidən qurulur
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu gündən atdığı ilk addım məhz şəhidlər qəbiristanlıqlarını və xiyabanlarını ziyarət etmək oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə məhz həmin müqəddəs məkanlarda görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına layiq hala gətirildi.
Rayon rəhbərinin şəhidlərimizə olan sonsuz ehtiramı bununla da bitmədi. Onun təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı əsl xiyaban adını daşıyacaq görkəm aldı. Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması, 280-dən artıq şəhidin cismani ruhunun bir məkanda toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu.
Bəli, bu gün nəinki şəhid ailələri, rayon sakinləri, eləcə də Qazaxa ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Rayon rəhbərinin şəhidlərimizə verdiyi yüksək dəyəri özündə əks etdirən işlərdən biri də onların adlarını daşıyan bulaqların tikilməsi, eyni zamanda da təmir olunmasıdır. Son 3 ildə rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, əsgər Orxan Əliyevin, şəhidlərin qız qardaşı adlandırdığımız Vəfa (Mansurova) Dəmirçioğlunun adlarına şəhərin mərkəzində yeni bulaqların tikilməsi, Milli Qəhrəmanlarımızdan Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, yenə də şəhidlərimizdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun adlarını daşıyan, “Şəhid Polislərin xatirəsinə”, “1 gün 31 şəhidin xatirəsinə” olan bulaqların yenidən qurulması bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir.
Artıq bir neçə gündür ki, rayon rəhbərinin tapşırığına əsasən daha bir şəhidimizin - Hacımahmudova Qaratel Şəmi qızının adını daşıyan və şəhərin mərkəzində yerləşən bulaq yenidən qurulur.Bütün şəhidlərimiz kimi "Azərbaycan Bayrağı" ordenli şəhidimizin Vətən, torpaq uğrunda göstərdiyi şücaət, qəhrəmanlıq da hər zaman yüksək qiymətləndirilir. Bu gün onun xatirəsinə olan bu bulağın yenidən qurulması şəhidlərimizə olan hörmət və ehtiramın bundan sonra da daim yüksək tutulması deməkdir.
Məlumat üçün qeyd edək ki, Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.O,1994-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır.