Qazax rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” geniş qeyd olunmuşdur
Qazax rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” geniş qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 24 avqust 2004-cü il tarixli Fərmanına müvafiq olaraq tədbir ruh yüksəkliyi ilə keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərinə bu tədris ilində 1250 şagird 1-ci sinifə qəbul olunmuşdur. Onlardan 156 nəfəri Təhsil Nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinifə qəbulu Qaydaları”na uyğun olaraq Rayon Təhsil Şöbəsində yaradılmış komissiyanın rəyi əsasında təhsilə cəlb olunmuşlar.
"Bilik günü" ilə əlaqədar keçirilən tədbirlərdə söylənilmişdir ki, son on ildə rayonda 7060 şagird yerlik 24, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1100 şagird yerlik 4 yeni məktəb binası inşa olunmuş, 7442 şagird yerlik 14 məktəb binası əsaslı təmir edilmiş, 360 yerlik 2 məktəbdə bərpa-gücləndirmə işləri aparılmışdır. Bundan əlavə, rayonda hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçası və 20 yerlik bir uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Rayonun 2014/2015-ci tədris ilinin məzunlarından 520 nəfəri TDK-ya sənəd vermişdir. Bunlardan 290 nəfəri ali məktəblərə, 55 nəfər orta ixtisas təhsili müəsisələrinə, 9 nəfəri isə ali və xüsusi təyinatlı təhsil müəsisələrinə qəbul olunmuşlar.
Rayonda bu tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilmişdir. Görüş zamanı 600-dən çox bal toplamış məzunlar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuş və onlara pul mükafatları verilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsinin həyata keçirilməsi məktəblilərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
“Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”- müddəasını irəli sürən Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin bu fikirlərini “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikirləri ilə tamamlayan, təhsili cəmiyyətin ən prioritet sahəsinə çevirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın davamlı inkişafını bilavasitə təhsilin inkişafında görür.
Ona görə də, keçirilən tədbirlərdə vurğulanmışdır ki, ölkəmizn hər yerində olduğu kimi, Qazax rayonunun təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi üçün bundan sonra da səylə çalışacaqlar.
Rayonun bütün ümumtəhsil məkəblərində qeyd olunan “ Bilik Günü” bir sıra unudulmaz və yadda qalan anlarla zəngin olmuşdur.