İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlər sürətlə davam etdirilir
Ötən yazılarımızda xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri öz əksini tapıb. Həmin 5 illik proqramda təmiri nəzərdə tutulan məktəblərdən biri də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin istismara yararsız olması nəzərə alınaraq əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Artıq iki aya yaxındır ki, davam etdirilən tikinti işləri uğurla həyata keçirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub.
Əsas binada, eləcə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlər paralel şəkildə aparılıb.
Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binanın dam örtüyü vurulub, pəncərələr qoyulub, daxili və xarici fasadda suvaq işləri başa çatıb.
Əsas məktəb binasında isə dam örtüyünün xeyli hissəsi vurulub. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq işləri tam başa çatıb. Hazırda üçüncü mərtəbədə ehtiyac olan hissələrdə arakəsmələr hörülür, elektrik və santexnik işləri görülür. Bundan əlavə, məktəbin kənarına hasar çəkilişi (hörgü və suvaq işləri) yekunlaşmaq üzrədir. Eyni zamanda idman və akt zalları, yeməkxana üçün nəzərdə tutulan binalarda da söküntü və suvaq işləri sürətlə davam etdirilir.
Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün onu da qeyd edək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.