Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyətinə dair geniş tərkibdə müşavirə keçirilib

03 sentyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətinə dair həmin sahədə çalışan işçilərin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən müşavirədə Qazax RİHB Aparatının məsul şəxsləri, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı qeyd edib ki, bu gün təhsil sahəsindən sonra dövlət büdcəsindən maliyyələşən ikinci bir sahə var ki, o da mədəniyyət sahəsidir. Təhsil kimi, mədəniyyət sahəsi, bu sahədə çalışan işçilər də daim dövlət qayğısı ilə əhatə olunurlar. Rayon rəhbəri bildirib ki, istər ötən ilin sonları, istərsə də bu ilin ilk 6 ayında dövlət başçısı tərəfindən imzalanan çoxsaylı Fərman və Sərəncamlar bir daha sübut etdi ki, dövlət hər zaman öz vətəndaşının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə məqsədyönlü addımlar atır. Ən son iyunun 18-də imzalanan mühüm Sərəncam istər təhsil, istər səhiyyə, istərsə mədəniyyət, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının sentyabrın 1-dən artırılmasına xidmət etdi. Bu, bütün sahələrdə çalışan insanların maddi rifah halının yaxşılaşdırılması deməkdir.
İcra başçısı ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işlərdən, mədəniyyət sahəsində çalışan insanlara verilən yüksək dəyərdən də söz açıb. R.Babaşov ölkə başçısı tərəfindən mədəniyyət sahəsində çalışan insanlara fəxri adların, dövlət təqaüdlərinin verilməsini, Birinci vitse-prezident  tərəfindən Azərbaycanın qədim el sənətlərinin, tarixi abidələrinin  YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil etdirilməsini bu sahədə görülən işlərin bariz nümunəsi kimi yüksək qiymətləndirib.
Geniş müzakirələrlə keçən müşavirədə ötən il və cari ilin 8 ayında keçirilən mədəni-kütləvi tədbirlərdən də danışılıb. “Ötən il 58, bu il isə 79 mədəni-kütləvi tədbir keçirilib”, - deyən rayon rəhbəri hər bir tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda bütün sahələr üzrə keçirilən tədbirlər təkcə say artırmaq məqsədilə keçirilmir, eyni zamanda hər bir tədbirin keyfiyyətinə üstünlük verilir. Bunun nəticəsidir ki, hər bir tədbirin keçirilməsinə xüsusi həssaslıqla yanaşılır və tədbirin yüksək səviyyədə təşkil olunması üçün əvvəlcədən lazımi hazırlıq işləri görülür.
İcra başçısı müşavirədə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyətindən, həmin təşkilatlarda keçirilən tədbirlərdən də söz açıb. Regional idarənin rayon üzrə nümayəndəliyinin, eləcə də mədəniyyət müəssisələrinin hazırki fəaliyyətindən narazı olduğunu bildirən rayon rəhbəri bununla bağlı öz iradlarını da çatdırıb. Ölkə başçısının söylədiyi “Hər bir məmur, işçi öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli, bütün sahələr üzrə vətəndaş məmnunluğuna nail olunmalıdır” fikrinin bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində çalışan insanlara da aid olduğunu vurğulayıb. Dövlətin onlara göstərdiyi diqqət və qayğını öz əməli işləri ilə doğrultmalı olduqlarını bir daha diqqətə çatdırıb. Fəaliyyətlərindən narazı qaldığı mədəniyyət müəssisələrinin rəhbərlərinə iradlarını bildirən icra başçısı öz işlərində dönüş yaratmalı olduqlarını bildirib və ciddi tapşırıq verib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək bugünkü müşavirənin keçirilməsini yüksək qiymətləndirib və buna görə mədəniyyət işçiləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sonra idarə rəisi cari ilin 8 ayında regional olaraq, eləcə də Qazax rayon nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrində görülən işlərdən, keçirilən tədbirlərdən danışıb. Şairlərin, Xalq yazıçılarının, sənət adamlarının yubiley tədbirlərinin keçirildiyini, bütün dövlət bayramlarının, tarixi günlərin qeyd olunduğunu, N saylı hərbi hissələrdə bayram konsertlərinin təşkil edildiyini qeyd edib. İdarə rəisi görülən işlərlə yanaşı mövcud çatışmazlıqlardan, haqlı olaraq bildirilən iradlardan da söz açıb. Qeyd olunan bütün iradların haqlı olaraq söylənildiyini vurğulayıb və həmin iradlardan nəticə çıxaracaqlarını bildirib. İstər tədbirlərin keçirilməsində, istərsə də digər sahələrdə ciddi şəkildə dönüş yaradacaqlarını, söylənilən çatışmazlıqlardan, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxaracaqlarını söyləyib. Qeyd olunan iradlarda əksini tapan məsələlərin təkrar olunacağı halda, verilən tapşırıqlardan nəticə çıxarmayan müəssisə rəhbəri, işçilər haqqında ciddi tədbirlər görüləcəyini vurğulayıb.
Müşavirədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov da çıxış edərək fəaliyyətə başladıqları gündən bu günə kimi mərkəz olaraq gördükləri işlər barədə məlumat verib. Əsas işlərinin gənclər üzərində qurulmasına baxmayaraq mədəniyyət sahəsi ilə də sıx əlaqə qurduqlarını, xüsusilə də bu sahədə çalışan gənclərin mərkəzə cəlb olunmasına üstünlük verdiklərini diqqətə çatdırıb. Mütəmadi olaraq Qazax Dövlət Rəsm Qalereyası ilə birgə silsilə tədbirlər təşkil etdiklərini bildirib. Mərkəz olaraq 5 ayda 87 tədbir keçirildiyini qeyd edən İ.Süleymanov mədəniyyət sahəsi ilə bağlı keçirilməsi nəzərdə tutulan işlərdən də danışıb. 18 sentyabr - Milli Musiqi Gününün rayonda yüksək səviyyədə qeyd edilməsi üçün rayonda fəaliyyət göstərən Musiqi Məktəbləri ilə birgə tədbir təşkil edəcəklərini qeyd edib. Bu kimi tədbirlərin davamlı olaraq həyata keçiriləcəyini vurğulayıb. Rayonda bütün sahələrə olduğu kimi gənclərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə bir daha öz minnətdarlığını bildirib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin məsləhətçisi Pəri Məmmədova, Qazax Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, Çaylı kənd Folklor evinin müdiri Məhəmmədəli Məşədiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işləri, həyata keçirilən uğurlu layihələri razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Bu gün keçirilən müşavirənin əhəmiyyətini yüksək dəyərləndirən çıxışçılar qeyd olunan iradların haqlı olaraq bildirildiyini və hər bir işçinin bu iradlardan nəticə çıxarmalarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq digər sahələrə olduğu kimi mədəniyyət sahəsinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. Sonda bir daha tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər