Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb

05 sentyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib.
Gənclər Mərkəzində keçirilən görüşdə Qazax RİHB aparatının məsul işçiləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-iqtisadi Kollecinin müəllim kollektivi, məktəb direktorları, işçi qrupunun üzvləri, "Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, 600-dən yüksək bal toplayan tələbələlər, onların valideynləri, ibtidai sinif müəllimləri, sinif rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bugünkü görüşün istər müəllimlər, istərsə rayon ictimaiyyəti üçün əlamətdar bir görüş olduğunu qeyd edib. Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb.
İcra başçısı bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. İcra başçısı qeyd edib ki, həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.
Rayon rəhbəri təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikanın hər yerində olduğu kimi rayonumuzda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərdən danışıb. İcra başçısı 5 illik Dövlət Proqramında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb. Rayon rəhbəri təhsilin səviyyəsinin yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol oynadığını bildirib. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli məktəblərdə görülən işlərdən də danışıb.
Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən qarşıya bir məqsəd qoyuldu ki, o da rayonda təhsil sahəsinin ildən-ilə inkişaf etdirilməsi oldu. İlk gündən çalışdıq ki, təhsil sahəsində əldə etdiyimiz uğur və nailiyyətlərin göstəricisi həmişə yüksək olsun. Ən əsası isə odur ki, bu istəyimizin reallaşması Qazaxda mümkün idi. Ona görə mümkün idi ki, Qazax ziyalılar yurdudur. Bundan başqa, bu gün Qazaxda təhsil sahəsində tam şəffaflıqdır. Son illər təhsil sahəsində qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib. İstər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini vurğulayıb və bu uğurun qazanılmasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun böyük rolunun olduğunu diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, həmin İşçi qrupunu yaratmaqda əsas məqsəd məktəblərə nəzarət etmək deyil, əksinə dərsin keyfiyyətini, müəllimlərin hazırlıq səviyyəsini, şagirdlərin davamiyyətini öyrənmək idi. Ən əsası da rayonda təhsilin keyfiyyətini artımaq idi. Bir sözlə, bütün görülən işlərin kökündə bir məqsəd dayanır ki, o da təhsilə olan qayğıdır. Bu gün əminliklə söyləyə bilərik ki, biz bu istəyimizə nail ola bildik. İldən-ilə artan qəbulun nəticələri bunu söyləməyə əsas verir. Təhsil sahəsinə göstərilən dövlət qayğısını məzunlarımız da ən yüksək bal toplayaraq onlara olan etimadı doğrultmağa çalışırlar. Bugünkü görüşdə iştirak edən məzunlarımızın əldə etdikləri uğurlar da bütün dediklərimizin bariz nümunəsidir. Bu gün həmin məzunlar bir daha sübut etdilər ki, qazanılan hər bir uğurun arxasında böyük məsuliyyət dayanır. Onlar öz məsuliyyətlərini dərk edərək Qazaxın, təhsil aldıqları məktəblərin, dərs deyən müəllimlərin, ən əsası da valideynlərinin əməklərini itirmədilər. Öz uğurları ilə hər birinin sevincinə səbəb oldular.
Qazax Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək tələbə adını qazanan bütün məzunları təbrik edib, xoş arzularını çatdırıb. “Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir”, - deyən N.Babanlı ölkə Prezidentinin öz çıxışlarında “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini təhsilə olan ən yüksək qayğı kimi qiymətləndirib. Gənclərə bu kapitalın onlar olduğunu, xalqımızın öz gələcəyini onlar kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar etdiyini bildirib. Builki nəticələr barədə məlumat verən N.Babanlı 2018-2019-cu tədris ilində Qazax rayonunun ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin məzunlardan 305 nəfərin dövlət ali məktəblərinə, 14 nəfərin isə xüsusi təyinatlı ali məktəblərə qəbul olduğunu qeyd edib. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin məzunlarından 16 nəfər olmaqla cəmi 335 nəfərin tələbə adını qazandığını vurğulayıb. Məzunlardan 113 nəfərin orta ixtisas təhsil müəssisələrinə daxil olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfərin 600 baldan, 33 nəfərin isə 500 baldan yüksək nəticə göstərdiyini bildirib. Həmçinin ali məktəbə qəbul olan abituriyentlərdən 110 nəfərin Bakı Dövlət Universitetinin tələbəsi adını aldığını qeyd edib.
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, dossent Arif Rüstəmov da rəhbərlik etdiyi universitetin müəllim kollektivi adından tələbə adını qazanan məzunlara təbriklərini çatdırıb. Ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan dossent bu gün həmin qayğı sayəsində Azərbaycan təhsilinin özünün intibah dövrünü yaşadığını bildirib. BDU Qazax filialının qazandığı uğurlarda dövlətin, rayon rəhbərinin göstərdiyi diqqət və qayğının böyük rolu olduğunu vurğulayıb və buna görə bir daha rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əmədar incəsənət xadimi, şair Barat Vüsal öz növbəsində məzunlara təbriklərini çatdırıb. Qeyd edib ki, bu gün necə ki, milli-mənəvi dəyərlərimiz qorunur, eləcə də Azərbaycanın inkişafına xidmət edən bütün sahələr, o cümlədən də təhsil sahəsi qorunur. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının ən yüksək səviyyədə olması bunun bariz nümunəsidir. Ziyalılar adından, eyni zamanda da Kosalar kənd sakinləri adından Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı onun adını daşıyan məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə bir daha minnətdarlıq edən şair atılan bu addımı təhsilin böyük uğuru kimi dəyərləndirib.
S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova da məzunları təbrik edib və rəhbərlik etdiyi məktəbin uğurlarından söz açıb. Məktəb direktoru bu il XI sinfi bitirən 57 nəfər məzundan 50 nəfərinin ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etdiyini qeyd edib. Kifayət Carçıyevanın sinif rəhbəri olduğu 21 məzundan 18 nəfərin ali, 3 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu bildirib. Bundan başqa, daha bir sinifdən məzun olan 20 nəfərdən 16 nəfərin ali, 2 nəfərin isə orta ixtisas məktəblərinin tələbəsi adını aldığını vurğulayıb.
Məzunlara səmimi arzularını çatdıran N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva da bu ilin rəhbərlik etdiyi məktəb üçün uğurlu bir il olduğunu bildirib. Builki tədris ilində 20 nəfərin məzun olduğunu, həmin məzunlardan 10 nəfərin ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiklərini qeyd edib. 9 nəfərin tələbə adını aldığını söyləyib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, rayon üzrə ən yüksək nəticə də məhz şəhər 5 nömrəli məktəbin payına düşür. Bu sevinc hissini isə bizim məktəbə 652 bal toplayaraq İqtisad Universitetinin Maliyyə fakültəsinə daxil olan (tədris ingilis dilində) Səma Əfəndiyeva bəxş edib. “Onun uğuru bizim hər birimizin uğurudur”, - deyən N.Tağıyeva gənc tələbəyə yenicə qədəm qoyduğu həyatda bir daha uğurlar arzulayıb.
İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva da rəhbərlik etdiyi məktəbin göstəricilərini qeyd edib. O, bu il məktəbi bitirən 32 nəfər məzundan 28 nəfərin ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin məzunlardan 18 nəfərin tələbə adını qazandığını söyləyib. Qeyd edib ki, bu gün fəxrlə deyə bilərik ki, həmin məzunlardan 3 nəfəri 600 baldan yüksək nəticə göstərərək təhsil aldıqları məktəbin və müəllimlərinin, valideylərinin ümidlərini doğruldublar. Məzunlara səmimi təbriklərini çatdıran N.Əfəndiyeva qazanılan bu uğurda dövlətin, rayon rəhbərliyinin göstərdiyi qayğının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bu il rayon rəhbərliyi tərəfindən məktəbdə aparılan cari təmir işini minnətdarlıq hissi ilə qarşılayan N.Əfəndiyeva bir daha təşəkkürlərini çatdırıb.
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev də məzunları təbrik edib, eyni zamanda bugünkü görüşdən istifadə edərək rəhbərlik etdiyi məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bir daha müəllim və şagirdlər adından minnətdarlığını bildirib. Bu il məktəbi bitirən 48 məzundan 38 nəfərin ali məktəblərə qəbul üzrə sənəd verdiyini, 29 nəfərin tələbə adını qazandığını qeyd edib. Həmin məzunlardan 2 nəfərin 600-dən, 6 nəfərin 500-dən yuxarı bal topladıqlarını bildirib. Bütün bu uğurların qazanılmasında isə ölkə başçısının, rayon rəhbərliyinin böyük diqqət və qayğısının olduğunu söyləyib.
Yüksək nəticə göstərən məzunlardan N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdi (652 bal) Səma Əfəndiyeva, M.Hüseyn adına məktəb-liseyin şagirdi (651 bal) Fidan Əhmədova, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin şagirdi (645 bal) Babaxan Carçıyev, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdi (644 bal) Kamil Bayramov çıxış edərək ürək sözlərini bildiriblər. Təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə məzunlar olaraq minnətdarlıqlarını çatdırıblar. İstər bu gün qazandıqları, istərsə də gələcəkdə əldə edəcəkləri nailiyyətlərdə dövlətin onlara göstərdiyi qayğının böyük rolu olduğunu qeyd edən tələbələr gələcəkdə də öz uğurlarını davam etdirəcəklərini söyləyiblər. Yüksək nəticə göstərmələrində əməyi olan müəllimlərinə, valideynlərinə minnətdarlıq edən tələbələr bundan sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil ocaqlarında həmişə Qazaxın, oxuduqları məktəblərin adlarını daim yüksəkdə tutacaqlarına söz veriblər.
Sonda rayon üzrə 600-dən yuxarı bal toplayan tələbələrə gül dəstələri və qiymətli hədiyyələr verilib. Məzunların yüksək nəticə göstərmələrində əməyi olan sinif rəhbərlərinə isə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və gül dəstələri təqdim olunub.
Tədbirdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Yetər Rüstəm qızı da uzun illər təhsil sahəsində səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanına layiq görülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir-görüşə yekun vuraraq bütün tələbələri bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində böyük uğurlar arzulayıb. “Əziz balalar, biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız”, - deyən rayon rəhbəri öz tövsiyələrini verib.

 

Keçidlər