Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Aprel şəhidinin ata yurdunda onun adını yaşadacaq daha bir qəhrəman yetişir

07 sentyabr 2019 | 16:00

“Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan

Bəli, ölkə başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim ilk qalibiyyətimiz, ilk zəfər salnaməmizdir. Azərbaycanın hərb tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən 3 il ötsə də həmin tarixi qələbəni bizlərə bəxş edənlər daim qəlblərdə yaşayırlar.
Bütün dünyada Qərbin qapısı sayılan, şairlər, aşıqlar yurdu kimi tanınan Qazax eli hər bir sahədə olduğu kimi, hərb tarixində də həmişə öz sözünü deməyi bacarıb. "Artilleriyanın Allahı" ləqəbini almış Əliağa Şıxlinskinin yurdu olan Qazaxda gənclərimiz üçün Vətənin müdafiəsi hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal olub. Məhz Aprel döyüşləri də bir daha sübut etdi ki, Qazaxda necə igid, mətin, dəyanətli, Vətənini, torpağını sevən, ən əsası da dövlətinə sadiq olan oğullar var və bundan sonra da olacaqdır. Həmin döyüşlər zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha nümayiş etdirdilər.
Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ata yurdunda doğum günü qeyd olunub. Onun əziz xatirəsi böyük sevinc hissi ilə yad olunub. O sevinc hissi ki, onun doğum günü ata yurdunda daha bir qəhrəmanın, əmisinin adını layiqincə yaşadacaq balaca Elvinin adqoyma mərasimi ilə qeyd edilib.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da iştirak edərək şəhidimizin əziz xatirəsini dərin hörmətlə yad edib, ona Allahdan rəhmət söyləyib, balaca Elvinin qədəmlərinin mübarək olmasını bildiriblər. Namazovlar ailəsinə bir daha gözaydınlığı verib, təbriklərini çatdırıblar.
Şəhidin ruhuna dua oxunduqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir.
İgid Vətən oğlu haqqında ürək sözlərini çatdıran rayon rəhbəri bildirib ki, bu gün şəhidimiz Elvin Namazovun doğum gününü onsuz qeyd etsək də, onun yoxluğundan 3 il ötsə də o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov, eləcə də digər şəhidlərimiz elə bir şanlı yol keçiblər ki, onlarla fəxr etməməyə haqqımız yoxdur. İcra başçısı qeyd edib ki, bu gün Elbəy Namazovun oğul payına şəhidimiz Elvinin adının verilməsi düşmənə bir mesajdır. O mesaj ki, düşmən bir daha anlasın ki, onlar bizlərdən Elvin kimi oğulları alsa da, neçə belə Elvinlər yetişir. Balaca körpəyə əmisinin adının verilməsi bir daha sübut edir ki, Namazovlar ailəsi Elvinin adı verilən bu uşaqla təkcə təsəlli tapmırlar, eyni zamanda bu ocaqda, bu yurdda igid, vətənpərvər oğullar böyüdüyünü, gələcək nəsillər yetişdiyini nümayiş etdirirlər. Bu balaca körpəyə əmisinin adının verilməsi həm də onun gələcəkdə Elvinin şərəflə keçdiyi döyüş yolunu, qəhrəmanlığını davam etdirmək kimi bir arzunu istəməkdir.
Şəhidin atası Məmməd Namazov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından bir daha öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsinə göstərdiyi səmimi münasibətə, nəvəsini təbrikə gəldiyinə görə razılığını bildirib və təşəkkürünü çatdırıb. M.Namazov qeyd edib ki, bu gün oğlum Elbəyin övladına əmisi Elvinin adını verirəm ki, o da əmisi kimi doğulduğu torpağın, Qazaxın, Yuxarı Salahlıların adını elə əmisi kimi daim yüksəkdə tutsun. Gələcəkdə o, da əmisi kimi öz nümunəvi davranışı ilə Vətənə, xalqına bağlı olan vətənpərvər bir oğul kimi onun döyüş yolunu, qazandığı zəfəri davam etdirsin. Ən əsası da düşmən bilsin ki, Elvin Namazovun ata yurdunda onun adını layiqincə daşıyacaq qəhrəman oğullar yetişir.
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulub boya-başa çatdığı Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur.
Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.

 

Keçidlər