Şriftin ölçüsü :

Saytın rəngi :

Əsər geniş tamaşaçı auditoryasının rəğbətini qazanmışdır

22 sentyabr 2015 | 15:00

Qazax rayon Mədəniyyət Mərkəzində teatr mövsümünün açılışı ilə əlaqədar Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Elçin Əfəndiyevin "Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış tamaşa göstərilmişdir.    Əsasən insani münasibətlər üzərində qurulan tamaşada hadisələr 1937-ci ilin son günü, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə baş verir. Stalin repressiyasının ölkəni başına  götürdüyü bir zamanda cəmiyyət, hətta ailələr belə əziyyət çəkir. Hamı bir-birindən şübhələnir, hamı bir-birinə  göz qoyur. İş o yerə çatır ki, ata oğlundan, ər-arvadından, qonşu-qonşusundan donos yazır. Hər kəs həyatda sağ qalmaq xatirinə  hər vasitəyə əl atır. İnsanlar dar ayaqda şeytanı lənətləyir. Ancaq özlərinin törətdiyi əməllər şeytan əməllərindən betərdir. Tamaşanın quruluşçu rejissoru və musiqi  tərtibatçısı teatrın baş rejissoru Musa Eyyubovdur. Bədii tərtibat isə rəssam Afiq Məmmədova məxsusdur. Tamaşada cəmi üç nəfər aktyor iştirak edir. Qadın, kişi və qonaq. Qonaq həm də NKVD işçisidir. Aydın Orucovun ifasında hər iki obraz özünün müvəffəqiyyətli həllini tapıb. Aktrisa Nazilə Məmmədova  qadının iztirablarını, yeri gələndə çılgınlığını real  boyalarla çatdırmağa çalışır. İlqar Hacəliyevin oyunu isə inandırıcıdır. Maraqlı musiqi tərtibatı tamaşanın dinamikliyini artırır, hadisələrin inkişafında və aktyor oynunda əsas rol oynayır.  Əsər geniş tamaşaçı auditoryası tərəfindən alqışlarla qarşılanmış və hər kəsin rəğbətini qazanmışdır.

Keçidlər