Qazaxda 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Son 15 ildə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı Sərəncamlar ölkədə təhsil sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi bir daha sübut edir ki, Azərbaycanda təhsil sahəsi dövlətin prioritet istiqamətlərindən birini təşkil edir.
Təhsil sahəsi haqqında söylənilən bu fikirlər 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş bugünkü iclasda səslənib.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən iclasda icra aparatının məsul şəxsləri və rayon Təhsil şöbəsinin əməkdaşları iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsinin Azərbaycan üçün ən prioritet məsələlərdən biri olduğunu qeyd edib. İcra başçısı son illər ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən də söz açıb. Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirərək istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini vurğulayıb. Rayon rəhbəri bu uğurun qazanılmasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun böyük rolunun olduğunu diqqətə çatdırıb. 2018-2019-cu tədris ilində olduğu kimi, yeni dərs ilində də İşçi qrupunun öz fəaliyyətini davam etdirəcəyini qeyd edib və bu sahədə görüləcək işlərlə bağlı tövsiyələrini bildirib.
İcra başçısı 5 illik Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin öz əksini tapdığını vurğulayıb. Həmin proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunduğunu qeyd edib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını bildirib. Rayon rəhbəri təhsilin səviyyəsinin yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol oynadığını vurğulayıb. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəblərdə görülən işlərdən də danışıb. Qeyd edib ki, bu gün təhsilə olan qayğının nəticəsidir ki, məzunlarımız yüksək nəticə göstərirlər. Bu il ali və orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul olması, 15 nəfərin 600 baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərməsi təhsil sahəsinə göstərilən qayğının şagirdlər tərəfindən qiymətləndirilməsi deməkdir.
İcra başçısı bildirib ki, bugünkü iclasın əsas məqsədi ötən tədris ilində görülən işlərə bir daha nəzər salmaq və 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələri müzakirə etməkdir.
Geniş müzakirələrlə keçən iclasda şagirdlərin dərsə davamiyyəti, müəllimlərin dərsə hazırlıq səviyyəsi, məktəblərdə dərs saatının bölgüsü və s. məsələlər haqqında ətraflı söhbət açılıb. Həmçinin 15 sentyabr - "Bilik Günü" ilə əlaqədar keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün görülən hazırlıq işlərindən də danışılıb. Rayon rəhbəri "Bilik Günü" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, tədbirlər zamanı təhlükəsizliyin təmin olunması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə təhsil sahəsində çalışan bütün müəllimlər adından rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. 2019-2020-ci tədris ilində görülməsi nəzərdə tutulan işlərdən, həlli vacib olan məsələlərdən danışan N.Babanlı ötən tədris ilində olduğu kimi, yeni dərs ilinin də uğurlu nəticələrlə yadda qalması üçün bütün təhsil işçilərinin böyük səylə çalışacaqlarını bildirib. Hər il olduğu kimi, bu il də “Bilik Günü” tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını qeyd edib.