Daş Salahlı kənd sakinlərinin müraciətinə yerində baxılıb
Bu gün Qazaxda bütün sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş amilidir Bu gün hər bir qazaxlının əminliklə söyləyə bildiyi tək bir gerçəklik var ki, o da ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısının Qazaxda da olduğu kimi öz əksini tapmasıdır. Bunun ən bariz nümunəsini isə son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibətdən, göstərilən qayğıdan, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsindən, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsindən aydın şəkildə görmək olur. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bir daha sübut edir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq və operativ şəkildə baxılır. Məktubda qeyd olunan hər bir istəyə xüsusi həssaslıqla yanaşılır. Ən əsası da rayonda vətəndaş amili üstün tutulur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun məktubla müraciət etmiş Daş Salahlı kənd sakinlərinin istəyinə əsasən bu gün həmin kənddə olması, qaldırdıqları məsələyə yerində baxılması rayonda vətəndaşa göstərilən qayğının daha bir bariz nümunəsidir.
Sakinlərin kənddə mövcud olan arxın beton üzlüyə alınması, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı müraciətlərinə əsasən yerində baxış keçirən rayon rəhbəri onları diqqətlə dinləyib, mövcud vəziyyəti onların öz dilindən eşidib.
İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də su ilə bağlı çatışmazlığın olduğunu qeyd edib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian quyularının qazılmasından danışan icra başçısı Daş Salahlı kəndində də qazılacağını bildirib. Növbəti illərdə qazılacaq subartezian quyularından ikisinin məhz Daş Salahlı kəndində nəzərdə tutulduğunu vurğulayıb. Rayon rəhbəri həmin subartezian quyusunun birinin onlar yaşayan əraziyə salınacağını qeyd edib.
Sakinlər onların istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdıqları məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.