Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax məktəblərində Bilik Günü qeyd olunub

16 sentyabr 2019 | 16:00

Azərbaycanda məktəblərdə dərslərin başladığı gün Bilik günü  kimi qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Respublika Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax məktəblərində də Bilik Günü qeyd olunub. Bu il rayonun 39 ümumtəhsil məktəbində keçirilən Bilik Günü tədbirlərində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavinlər Tahir Musayev və Gulaya Həsənova, eləcə də aparatın digər məsul işçiləri və Rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Bütün məktəblərdə tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Birincilərin ifasında Vətənə, Anaya, məktəbə, Bilik Gününə həsr olunmuş şeirlər söylənilib, mahnılar oxunub.
Tədbirdə çıxış edənlər şagirdləri, onların müəllimlərini və valideynlərini salamlayıb, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdıraraq yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar diləyiblər.
Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşması, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etməsi bir daha vurğulanıb.  Təhsil sahəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş islahatların bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirildiyi qeyd edilib. Bu sahədə atılan genişmiqyaslı addımların ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsilin böyük nailiyyətlər əldə etməsində və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynadığı bildirilib.
Respublika Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan respublikamızın hər yerində təhsilin inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Qazax rayonunda təhsilə göstərilən diqqət və qayğıdan danışılaraq rayon rəhbərliyi tərəfindən bu istiqamətdə görülən işlərdən, həyata keçirilən genişmiqyaslı layihələrdən söz açılıb. Rayon rəhbərinin təhsilə hər zaman diqqət ayırdığı, istər müəllimlərin, istərsə də şagirdlərin müasir şəraitdə elmlə məşğul olmaları üçün xüsusi qayğı ilə yanaşdığı bildirilib.
Keçirilən tədbirlərdə məktəblərin qazandıqları uğurlardan, əldə etdikləri nailiyyətlərdən də söz açılıb. Məktəb direktorları çıxışlarında şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, qazanılan nailiyyətlərin bu il də uğurla davam etdiriləcəyini qeyd ediblər.
Tədbirlərdə iştirak edən qonaqlar, valideynlər, müəllimlər Respublika Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və qayğını minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Son illər bu sahəyə olan qayğı nəticəsində respublikamızın bütün bölgələrində, ən ucqar kəndlərdə belə yeni müasir tipli məktəblərin tikilməsini, hər il müəllimlərin əmək haqlarının artırılmasını, istedadı olan şagirdlərə, tələbələrə xaricdə oxumaq şansının yaradılmasını, tələbələrə verilən təqaüdlərin artırılmasını, eləcə də ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsini göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndiriblər. Bütün bunlara görə dərin minnətdarlıqlarını çatdırıblar.
Şəhər və kənd məktəbləri üzrə keçirilən Bilik Günü tədbirlərində rəmzi olaraq “İlk zəng” çalınıb. Tədbirlər musiqi sədaları altında davam edib.
Məlumat üçün qeyd edək ki, Rayon Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 5 ümumi orta, 5 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Hal-hazırda ümumtəhsil məktəblərində 12884 nəfər şagird, o cümlədən 925 nəfər məktəbəhazırlıq qrupunda təhsilə cəlb edilib. Şagirdlərin təlim və tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olacaq. Rayonun ümumtəhsil məktəblərində 621 nəfər texniki işçi fəaliyyət göstərəcək. 2019-2020-ci tədris ilində 1056 nəfər IX sinifdə,  979 nəfər X sinifdə, 751 nəfər isə XI sinifdə təhsil alacaqlar. Bu il məktəbli adını qazanaraq ilk addımarını atan birincilərin sayı isə 1310 nəfərdir.

 

 

 

 

 

Keçidlər